Məhkəmə qərarları › İş №3(011)-2133/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2133/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2133/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş 26 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 25 may 2021-ci il tarixdə Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və avtoxuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 25 may 2021-ci il tarixdə saat 18:40 radələrində idarə etdiyi Audi markalı avtomobildə hərəkət etdiyi zaman yol patrul avtomaşını onu saxlayaraq özünü təqdim etdikdən sonra sənədlərini təqdim etməyi istəyən zaman o, sənədlərin evdə olduğunu bildirmiş, lakin bu zaman həmin əməkdaşlar onu bölməyə dəvət etdiyi üçün o, ani olaraq qorxmuş və qorxduğu üçün avtomobildən düşüb qaçmağa başlamışdır. Lakin etdiyi hərəkətin səhv olduğunu bilən zaman dayanıb və YPX əməkdaşları ilə birlikdə 37-ci PŞ-ə getmişdir. Etdiyi əməldən peşmandır. Gələcəkdə bu cür hallara yol verməyəcək. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 535.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti baş inspektoru, polis kapitanı X3 izahatında göstərdi ki, 25.05.2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində ** YP *** d.q.n. patrul avtomaşını ilə xidmət apararkən efir vasitəsilə növbətçi tərəfindən saxlanması vacib olan Audi A7 markalı avtomobilin üzərinə BMW-yə aid **-JJ- *** d.q.n. nömrəni vuraraq paytaxtın Xətai rayonu ərazisində hərəkətdə olması barədə məlumat almış və dərhal təxirəsalınmaz tədbirlər görərək qeyd etdiyi avtomobil saxlanılmışdır. Bu zaman sürücüyə yaxınlaşaraq özünü ona YHHQ-nin 84-cü madəsini rəhbər tutaraq, həmin qanunun 37.1.1-ci bəndinin tələbinə uyğun olaraq sənədlərini təqdim etməsini tələb etmişdir. Bu zaman sürücü Şəxs sənədlərinin evdə qaldığını bildirmişdir. Onlar dərhal qeyd edilən faktlarla bağlı ərazi aidiyyatı üzrə Xətai RPİ-nin 37-ci polis şöbəsinə obyektiv araşdırma aparılması üçün dəvət etmişlər. Bu zaman həmin avtomobillə şöbəyə yaxınlaşarkən F.Bayramov küçəsində qəflətən avtomobili saxlayaraq inzibati xətanın sənədləşdirilməsindən yaxa qurtarmaq məqsədilə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomobildən düşərək qaçmağa başlamış, arxasınca qaçaraq onu tutub saxlamış və onu YPX əməkdaşlarının köməyi ilə şöbəyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti baş inspektoru, polis kapitanı X3 oğlunun raportundan görünür ki, 25.05.2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində ** YP *** d.q.n. patrul avtomaşını ilə xidmət apararkən efir vasitəsilə növbətçi tərəfindən saxlanması vacib olan Audi A7 markalı avtomobilin üzərinə BMW-yə aid **-JJ-*** d.q.n. nömrəni vuraraq paytaxtın Xətai rayonu ərazisində hərəkətdə olması barədə məlumat almış və dərhal təxirəsalınmaz tədbirlər görərək qeyd etdiyi avtomobil saxlanıldı. Bu zaman sürücüyə yaxınlaşaraq özünü ona YHHQ-nin 84-cü madəsini rəhbər tutaraq, həmin qanunun 37.1.1-ci bəndinin tələbinə uyğun olaraq sənədlərini təqdim etməsini tələb etdi. Bu zaman sürücü Şəxs bildirdi ki, sənədləri evdə qalıb. Onlar dərhal qeyd edilən faktlarla bağlı ərazi aidiyyatı üzrə Xətai RPİ-nin 37-ci polis şöbəsinə obyektiv araşdırma aparılması üçün dəvət etdilər. Bu zaman həmin avtomobillə şöbəyə yaxınlaşarkən F.Bayramov küçəsində qəflətən avtomobili saxlayaraq inzibati xətanın sənədləşdirilməsindən yaxa qurtarmaq məqsədilə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq avtomobildən düşərək qaçmağa başlamış, bu zaman o, arxasınca qovaraq tutub saxlamış və ona bir daha İXM-in 61-ci maddəsinin tələblərinə uyğun olaraq YPX əməkdaşlarının köməyi ilə şöbəyə təhvil vermişlər. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru polis kapitanı X1 26 may 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Tutma protokolundan görünür ki, Şəxs 25 may 2021-ci il tarixdən saat 18:40-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 25 may 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində polis əməkdaşlarının sənədlərin təqdim edilməsi və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 25 may 2021-ci il tarixdən saat 18:40-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 may 2021-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar