Məhkəmə qərarları › İş №3(011)-2137/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2137/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2137/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakları ilə, 04 iyul 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin qəbul etdiyi 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin qəbul etdiyi 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04 may 2021 -ci il tarixli MN ******* saylı qərarı ilə barəsində AR İXM-nin 211.1-ci maddəsilə vəzifəli şəxs kimi 4000 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. “El Chacho” restoranını fərdi sahibkar kimi işlədir. Qeyd olunan hadisə ilə bağlı bildirir ki, “El Chacho” restoranıda qanunla müəyyən edilmiş karantin qaydalarına riayət olunaraq masalar düzülmüşdür. 16 aprel 2021-ci il tarixdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi şəxsinin əməkdaşları işlətdiyi restorana gələrək cərimə yazacaqlarını bildirdilər. Həmin vaxtı restoranda az müştəri var idi. 1 masada isə ailəvi müştərilər əyləşib yemək yeyirdilər. Əməkdaşlar ailəvi formada restoranda yemək yeməyin qadağan olunduğunu, masada ən çox bir neçə nəfərin olmasını qeyd edib, həmin vaxtı isə həmin masada güya qayda pozuntusu olmasını əsassız olaraq bildirib protokol tərtib etdilər. Buna etiraz etmişdir. Belə ki həmin masada 6 nəfərlik ailə üzvləri əyləşmiş, onlar arasında məsafə isə 1 metrdən aralı olmuş, həmin əyləşdikləri masanın həcmi kifayət qədər böyük olduğundan karantin qaydalarını pozmamışdır. Daha sonra ona qeyd olunan faktla bağlı 4000 manat cərimə olunmağı ilə bağlı qərar göndərilmişdir. Həmin qərar heç bir formada araşdırılmadan qəbul edilmişdir. Həmin qərarda güya “El Chacho” restoranıda oturacaqların ara məsafəsi eyni masada 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olması qeyd edilmişdir. Bildirir ki, qərarda qeyd edilmiş bu fakt tamamilə yalan və uydurmadır. Bu günədək də restoranda masaların və oturacaqların düzülüşü karantin qaydalarna uyğundur, masalar arasında məsafə 3, 4 hətta 5 metrdir. Lakin Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi şəxsinin əməkdaşları heç bir əsas olmadan ona protokol tərtib etmişlər. Xüsusi karantinlə bağlı rejimi mən karantin qaydasını pozmamışdır. Buna görə də hesab edir ki, həmin protokol əsasında qəbulolunmuş qərar ləğv edilməlidir. Eyni zamanda əməkdaşlar restoranda olarkən stolda əyləşən müştəriləri telefonun kamerası ilə çəkmişlər. Lakin bu da qanunsuzdur. Onlar bunu xüsusi fotoaparatla çəkməli idilər. Həmçinin Azərbaycan Respublikası Prezidenti dəfələrlə öz çıxışlarında Sahibkarları incitməməyi, onlara dəstək verilməsini dövlət orqanlarına tapşırır. Lakin göründüyü kimi, Səhiyyə Nazirliyi Respublika Gigiyena və X3 Hüquqi şəxsi Cənab Prezidentinin bu tapşırığına laqeyd yanaşaraq sahibkar kimi onları əsassız cərimələmişlər. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa oxşar ifadə vermiş, əlavə olaraq səlahiyyətli orqan tərəfindən yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin də pozulmasını bildirərərk şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X7 şikayətçinin dəlilləri ilə razılaşmayaraq göstərdi ki, 16 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X2 məxsus “El Chacho” restoranında oturacaqların ara məsafəsi eyni masa arxasında 1mdən, masalararası məsafə isə 2 metrdən az olması, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş, bu barədə dərhal akt tərtib edilmiş, qeyd olunan xətanın törədilməsini təsdiq edən fotoşəkillər çəkilmişdir. Bundan sonra, “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşları tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə 16.04.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, 04.05.2021-ci il tarixdə isə qeyd olunan protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin ünvanda sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu hazırkı hala şamil edilmir. Qeyd olunan qərar tam qanuni və əsaslıdır. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin qəbul etdiyi 04.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçini və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 aprel 2021-ci il tarixli aktdan, fotoşəkildən görünür ki, 16 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X2 məxsus “El Chacho” restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblər pozulmuş, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərin pozulmasının qarşısı vəzifəli şəxs və hüquqi şəxs tərəfindən alınmamış, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmaması tələbi gözlənilməmiş, koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməmişdir. Akt “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı Abbaszadə R, AQTA-nın nümayəndəsi Məmmədov O və sahibkar Eyyubov C tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı tərəfindən X4 barəsində tərtib olunmuş 16.04.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 16 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X2 məxsus “El Chacho” restoranında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən, masalararası məsafə isə 2 metrdən az olması faktı aşkar olunmuş, bu səbəbdən X4 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, “El Chacho” restoranında oturacaqların ara məsafəsi eyni masa arxasında 1m-dən, masalararası məsafə isə 2 metrdən az olması müəyyən olunmuş, bu səbəbdən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 4.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Şikayətçinin dəlili: a) Masada altı nəfər ailə üzvü əyləşmiş, masa ətrafında oturacaqlar arasındakı 1 metr məsafə, masalararası 2 metr məsafə gözlənilmişdir. b) səlahiyyətli orqan tərəfindən yoxlama aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Məhkəmə, şikayətçinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş 16 aprel 2021-ci il tarixli aktdan və fotoşəkildən görünür ki, 16 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X2 məxsus “El Chacho” restoranında qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən az olmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının tələbləri pozulmuşdur. Məhkəmə nəzərə alır ki, həmin akt şikayətçinin iştirakı ilə tərtib edilmiş, şikayətçi qeyd olunan pozuntulara hər hansı etiraz etməmiş, aktın qeyd hissəsində aktda göstərilənlərlə razılaşmaması barədə qeydi olmamış, aktı imzası ilə təsdiq etmişdir. Həmçinin, iş materiallarında olan fotoşəkillərdən qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən az olduğu aşkar görünməkdədir. Şikayətçi, masada altı nəfər ailə üzvünün əyləşməsini göstərmiş, bunu təsdiq edən sübutu təqdim etməmiş, eyni zamanda 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarda belə bir istisna nəzərdə tutulmamış, bu hal şikayətçini inzibati məsuliyyətdən azad edilməsi üçün əsas olmamışdır. Bundan əlavə, inzibati orqan tərəfindən X2 məxsus restoranında sahibkarlıq sahəsində hər hansı bir plan üzrə və ya plandankənar yoxlama aparılmadığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri də pozulmamışdır. Belə olan halda, məhkəmə şikayətçinin dəlillərini əsassız hesab edir. Beləliklə, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, 04.05.2021-ci il tarixli qərarının inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxsin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 04.05.2021-ci il tarixli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəməp QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən barəsində tərtib edilmiş 04.05.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar