Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-214/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 10 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 10.11.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi 9A ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektə müşahidə zamanı epidemiya əleyhinə rejim, sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X3 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC-yə aid M.Hadi 9A ünvanında yerləşən Əhmədli filialı mağazasında, İN yanında DVX-i tərəfindən 10.11.2021-ci ildə tərtib edilmiş protokolla bağlı 10.11.2021-ci il tarixə aid mağaza videogörüntüləri mövcuddur, belə ki, iş materiallarında olan fotoşəkillərdən biri kredit şöbəsinə, digər isə satış şöbəsinə aiddir. Lakin mağaza kameraları tərəfindən müvafiq yerlərə aid qeydə alınan kamera görüntülərinə baxdıqda, müvafiq halla bağlı heç bir videofakt qeydə alınmamışdır. Həmçinin protokol MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, tibbi maskadan istifadə etməyən işçinin izahatı alınmamış, yalnız fotoşəkilə əsaslanaraq inzibati xəta haqqında protokol təritb edilmişdir. Həmin adamların Şəxs MMC-nin işçiləri olmasını təsdiq edən heç bir sübüt iş materiallarına əlavə edilməmişdir. Həmin insanların Şəxs MMC-nin işçiləri olmasını sübüt ütmək vəzifəsi protokolu tərtib etmiş orqanın üzərinə düşdüyündən göstərilənləri nəzərə alaraq barələrində başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 10.11.2021-ci il tarixdə sözügedən obyektə baxış keçirilmiş və işçinin tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozması faktı aşkar edilmişdir. Odur ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 4 saylı şöbəsinin baş dövlət müşaviri X5 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 10 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, 10.11.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi 9A ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektə müşahidə zamanı epidemiya əleyhinə rejim, sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir; 10 noyabr 2021-ci il tarixli aktdan görünür ki, 03.11.2021-ci il tarixdə saat 13:21-də ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə baxış keçirilən zaman İXM-nin 211-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə orada fəaliyyət və xidmət göstərən işçi tərəfindən qoruyucu vasitə tibbi maskadan istifadə etmədən xidmət göstərilmiş və bu fakt çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Vergi ödəyicisinin obyektdə olmaması səbəbindən orada fəaliyyət və xidmət göstərən işçilərdən vergi ödəyicisinin dəvət olunması xahiş olunmuşdur. Lakin heç bir üzrlü səbəb göstərmədən vergi ödəyicisi gəlməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin çıxışlarını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcuddur. Əsaslar aşağıdakılardan ibarət olmaqla həm sübutemə barədə, həm də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmaması ilə əlaqədardır. Sübutetmə ilə əlaqədar qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş həmin protokolda Şəxs MMC İXM-in 211.3-cü maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, 10.11.2021-ci il tarixdə Xətai rayonu, M.Hadi 9A ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektə müşahidə zamanı epidemiya əleyhinə rejim, sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə ilə bağlı tələblərin pozulması faktı aşkar edilmişdir. Bununla da həmin əməlin törədilməsində Şəxs MMC təqsirli bilinmişdir. Lakin məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutları toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdə fiziki şəxslərin qoruyucu tibbi maskadan istifadə etməmələri əks olunsa da, həmin şəxslərin Şəxs MMC-nin işçiləri olmaları barədə əmək müqaviləsi bildirişi və ya başqa sübut məhkəməyə təqdim olunmamış, qoruyucu vasitələri istifadə etməyən həmin işçilərin həqiqətən də Şəxs MMC-nin işçiləri olmasını təsdiq və ya təkzib etmələri üçün izahatlarıı alınmamış, onların epidemiya əleyhinə rejim, sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə edilməməsi faktı ilə əlaqədar protokol tərtib edilərkən ehtimal edilən inzibati xətanı törətmiş hüquqi şəxsin, yəni Şəxs MMC-nin nümayədələrinin izahatları alınmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan qoruyucu vasitələrdən istifadə etməyən şəxslərin həqiqətən də Şəxs MMC-nin işçiləri olması və Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsini sübut etmək yükü qanunvericiliyə əsasən ehtimal edilən inzibati xətanı törədən şəxsin deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALD İ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-214/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-214/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver