Məhkəmə qərarları › İş №3(011)-2151/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2151/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2151/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs1, Azərbaycan Respublikası X4nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Vəzifəli şəxs Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X4nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 aprel 2021-ci il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs1 tərəfindən ona məxsus Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 62 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 15:15-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X4nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs1 bildirdi ki, Azərbaycan Respublikası X4nin Bakı şəhəri Reklam İdarəsi ilə arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmış, həmin müqavilə üzrə müəssisə hüquq və vəzifələr əldə etməklə üzərinə öhdəliklər götürmüşdür. Müəssisə fəaliyyət göstərdiyi müddət ərzində tərəflərindən müqavilə öhdəlikləri pozulmamışdır. Ödənişlərində müəyyən gecikmələr olmuş, hazırda ödənişləri tam həcmdə ödəmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası X4nin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs1 tərəfindən ona məxsus Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 62 ünvanında 26 aprel 2021-ci il tarixdə saat 15:15-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən vəzifəli şəxs Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda müxtəlif reklam yerləşdirilmişdir; 20.05.2021-ci il tarixli icazədən görünür ki, tərəflər arasında 01.06.2020-ci il tarixdən 01.06.2021-ci il tarixədək (bir il) müddətə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlanılmış, Şəxs1 açıq məkanda müxtəlif reklam yerləşdirilməsinə icazə verilmişdır; açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinə əlavədən görünür ki, arasında açıq məkanda reklam yerləşdirilməsinə dair müqavilə üzrə hesablanmış yayım haqqı 426,07 manat, rüsum 35,40 manat müəyyən edilmişdir; qəbzlərdən görünür ki, vəzifəli şəxs Şəxs1 tərəfindən müqavilə üzrə hesablanmış yayım haqqı 426,07 manat, rüsum 35,40 manat tam ödənilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir; “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının X4 tərəfindən həyata keçirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsini, şahidi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının X4nin Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş vəzifəli şəxs Şəxs1 barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs Şəxs1 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X4 Bakı Şəhəri Reklam İdarəsi vəzifəli şəxs Şəxs1 tərəfindən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 52 ünvanında yerləşən obyektin üzərində 26 aprel 2021-ci il tarixdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qeyd edilsə də, icazədən görünür ki, açıq məkanda reklam yerləşdirilməsinə görə səlahiyyətli orqanla vəzifəli şəxs Şəxs1 arasında 01.06.2020-ci il tarixdən 01.06.2021-ci il tarixədək (bir il) müddətə müqavilə bağlanılmış, Şəxs1 açıq məkanda müxtəlif reklam yerləşdirilməsinə icazə verilmişdir. 26 aprel 2021-ci il tarixdə artıq vəzifəli şəxs Şəxs1 açıq məkanda müxtəlif reklam yerləşdirilməsinə icazə verilmiş, o, müqavilə şərtlərinə uyğun olaraq açıq məkanda müxtəlif reklam yerləşdirmiş və bu xidmətllərin həyata keçirilməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən hesablanmış ödənişlər Şəxs1 tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə vəzifəli şəxs Şəxs1 açıq məkanda yerləşdirilmiş reklamın Bakı şəhəri Reklam İdarəsi tərəfindən ona verilmiş icazəyə uyğun həyata keçirildiyini, bununla da, vəzifəli şəxs Şəxs1 hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar