Məhkəmə qərarları › İş №3(011)-2153/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2153/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2153/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Nobel Prospekti, ev 9, mənzil 47 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş 14.06.2019-cu il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Mercedes E320» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddəti ərzində icra etməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1417/2019 saylı 19.06.2019-cu il tarixli qərardadına əsasən inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1400/2019 saylı 23.07.2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-809/2021 saylı 15.04.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1400/2019 saylı 23.07.2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izaht verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1259/2019 saylı 11.07.2019-cu il tarixli qərarına əsasən barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş TP seriyalı ******* nömrəli 01.03.2019-cu il tarixli qərar ləğv edildiyi üçün Nəsimi RPİ tərəfindən İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Beləliklə o, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati tənbeh vermə haqqında 01.03.2019-cu il tarixli TP seriyalı ******* saylı qəradan görünür ki, Şəxs 01.03.2019-cu il tarixdə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi göstərilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; inzibati xəta haqqında 14.06.2019-cu il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, «Mercedes E320» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməmişdir və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portal çıxarışından görünür ki, Şəxs 01.03.2019-cu il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmiş, cərimə məbləğinin üzərində 24 (iyirmi dörd) manat dəbbə pulu hesablanaraq 64 (altmış dörd) manat təşkil etmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1259/2019 saylı 11.07.2019-cu il tarixli qərarına əsasən Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş TP seriyalı ******* nömrəli 01.03.2019-cu il tarixli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Nəsimi rayon X1ytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529.3-cü maddəsinin Qeydinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərdən məlum olur ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyulmuş cərimə öhdəliyini yerinə yetirmədiyi göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1259/2019 saylı 11.07.2019-cu il tarixli qərarına əsasən Şəxs barəsində İXM-nin 327.1-ci maddəsi ilə tərtib olunmuş TP seriyalı ******* nömrəli 01.03.2019-cu il tarixli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Nəsimi rayon X1ytarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, o, inzibati məsuliyyətdən azad edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından o, inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar