Məhkəmə qərarları › İş №3(011)-2166/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2166/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2166/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2 01 may 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20 aprel 2023-cü il tarixdə saat təxminən 14:10 radələrində Şəxs idarə etdiyi «Toyota Prius» markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, 8 Noyabr prospekti ilə Ağ şəhər istiqamətində yolun sağdan 2-ci hərəkət zolağı ilə saatda 30 km surətlə hərəkətdə olarkən sağ istiqamətdə avtomobilini yönəldib 1-ci hərəkət zolağına keçib Ağ şəhər bulvarına dönmək istəyərkən sağında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Hyundai» markalı **-MR-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşmuş və nəticədə sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat təxminən 14:10 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobillə Xətai rayonu, 8 Noyabr prospekti ilə Ağ şəhər istiqamətində yolun sağdan 2ci hərəkət zolağı ilə saatda 30 km/sürətlə hərəkətdə olarkən sağ istiqamətdə avtomobilini yönəldib 1-ci hərəkət zolağına keçib Ağ şəhər bulvarına dönmək istəyərkən sağında hərəkətdə olan “Hyundai” markalı avtomobil sol istiqamətə keçmək istəyərkən arxa sol qanadı ilə onun avtomobilinin qabaq sağ küncü ilə toqquşmuşdur. Toqquşduğu avtomobili görməmiş, sağ yan güzgüsünə baxıb yolda avtomobilin olmadığını görərək sağa dönmə əməliyyatı etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam şəkildə ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndə və zərərçəkmiş şəxs iştirak etməmişlər, bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 25 aprel 2023-cü il tarixli 442 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/11634 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/11531 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs1 sərxoş olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar