Məhkəmə qərarları › İş №3(011)-2182/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2182/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2182/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklan İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında xx.xx.2024-cü il tarixdə “Mübarək” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməklə “Reklam haqqında” qanunun tələblərini pozması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında xx.xx.2024-cü il tarixdə “Mübarək” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Ona görə də məhkəmədən Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edənŞəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında xx.xx.2024-cü il tarixdə “Mübarək” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edildiyindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Lakin Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin hesabına 271 manat və 3257 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında xx.xx.2024-cü il tarixdə “Mübarək” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməklə "Reklam haqqında” Qanunun tələblərinin pozulması faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin dövlət rüsumunun ödənişi üçün M**********0001 №-li bildirişdən görünür ki, Şəxs MMC digər fasad reklamlarına görə 270,56 azn məbləğində dövlət rüsumunu 5 iş günü ərzində ödəməlidir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin yayım haqqının ödənişi üçün M**********0001 №-li hesab-fakturadan görünür ki, Şəxs MMC tərəfindən digər fasad reklamlarına görə 3256,46 azn ödənilməlidir. 21 iyun 2024-cü il tarixli Mpay ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin hesabına 271 manat ödənilmişdir. 21 iyun 2024-cü il tarixli Mpay ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin hesabına 3257 manat ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: Həmin qanunun 3.5.1-ci maddəsinə əsasən reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin qanunun 3.5.2-ci maddəsinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; Həmin qanunun 3.6-ci maddəsinə əsasən Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilməsi; Həmin qanunun 3.7-ci maddəsinə əsasən Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Sadalanan hüququ normalarından müəyyən olunur ki, səlahiyyətli orqan tərəfindən “açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması” halları ilə bağlı pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi ilə bağlı ilkin hərəkətlər yerinə yetirilməyərək vəzifəli şəxs barəsindən dərhal protokol tərtib olunmuş və müvafiq protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin hesabına 271 manat və 3257 manat ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: İnzibati xəta tərkibi olmaması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar