Məhkəmə qərarları › İş №3(011)-219/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-219/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-219/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1, X4 nümayəndəsi X6 iştirakı ilə, X7 X5 Bakı Regional Bölməsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Kristal restoranını müqavilə ilə icarəyə götürmüşdür. Bir vergi ödəyicisi olaraq iaşə fəaliyyətinin vergisini vaxtlı-vaxtında ödəyir. Fəaliyyət dövründə qidaların saxlanması, keyfiyyəti və hazırlanması üçün lazimi olan tədbirlər vaxtlı-vaxtında tərəflərindən həyata keçirilir. Buna baxmayaraq X5 hər vəchlə onların işinə mane olmağa çalışır. Belə ki, müəssisədə 8-10 nəfər isçi çalışır. Bu çətin zamanda bu insanların işləyib çörək pulu qazanması üçün əllərindən gələni edirlər. Təəssüf ki, Agentlik onlara çoxsaylı maneələr yaradır. 23 noyabr 2022-ci il tarixli və 27 noyabr 2022-ci il tarixli Agentliyin bildirişlərindən məlum olur ki, onlar onun fəaliyyətinə istiqamət vermək deyil, tamam başqa məqsəd güdürlər. xx.xx.2023-cü il tarixdə verilən qərarda göstərilir ki, qidaların saxlanma qaydalarına riayət olunmamışdır. Bundan başqa, pozuntuların aradan qaldırılması müddəti 30 gün müəyyən olunur. Həmin tarixdən sonra restorana Agentliyin heç bir əməkdaşı gəlməmiş, pozuntuların aradan qaldırılmasını yoxlamamışdır. Halbuki, yoxlamanın nəticələri üzrə tərtib edilmiş qərarla əvvəldən razı olmasalar da, həmin qərarı qərəzli hesab etsələr də, iradları şişirdilmiş saysalar da, həmin iradları nəzərə almış, pozuntuları aradan qaldırmışlar. Yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixdə qərarla protokollaşdırılmış, həmin tarixdə də ******* saylı inzibati qərar çıxarılmışdır. Həmin qərarla razı deyil. Qərar qanunsuz, qərəzli və ədalətsiz olduğu üçün ləğv olunmalıdır. Göstərilən qərarla o, 1500 manat cərimə olunmuşdur. Aylıq icarə haqqı yüksək olan, kommunal xərcləri çətinliklə ödənən, işçilərin zəhməthaqqını birtəhər ödəyən bir iş adamı üçün bu cərimə işi bağlatdırmaq deməkdir. X11 İlham Əliyev hər çıxışında tələb edir ki, iş adamlarına maneçilik etməyin, süni baryerlər yaratmayın, yersiz və lüzumsuz yoxlamalarla onların müflisləşməsinə səbəb olmayın. Məhkəmə iclasında X12 şikayətində göstərilənlərə uyğun izahat verərək X5 Bakı Regional Bölməsinin 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi X9 05 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli KY232059647 nömrəli çıxarışdan görünür ki, X5 tərəfindən ünvan 1 ünvanında yerləşən “Kristal” restoranı adlı təsərrüfat obyektində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) cari fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan yoxlamanın nəticələri üzrə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X8 məxsus ünvan 1 ünvanında yerləşən “Kristal” restoranında aparılmış yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: Qida obyektinin mətbəx sahəsində soyuducuda ət, göbələk, marina edilmiş ətlər və tərəvəzlər, dərin tipli dondurucuda isə qablaşdırması üzərində markalanması olmayan xəmir məhsulları (xəngəl) və mərci supları mal qonşuluğu prinsipinə riayət olunmadan birgə saxlanıldığı müəyyən edilmişdir. Ətlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Aşkar olunmuş pozuntuların xx.xx.2024-cü il tarixədək aradan qaldırılması və bu barədə Agentliyə məlumat verilməsi, inzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə “Kristal” restoranında satışı həyata keçirilən ətlərin keyfiyyət və təhlükəsizlik sənədlərin təqdim edilməməsi, dərin dondurucuda xəmir məhsullarının, ətlərin, çörəklərin birgə saxlanılması, bununla da, İXM-nin 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, X12 İXM-nin 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. İş matariallarında olan 23 may 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X12 ünvan 2 ünvanındakı təsərrüfat obyektini icarəyə götürmüşdür. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər. X4 Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 5.3-cü maddəsinə əsasən qida məhsulları qida zəncirinin bütün mərhələlərində, onu insan istehlakı üçün yararsız, sağlamlıq üçün zərərli və ya insan tərəfindən istehlakını qeyrimümkün edəcək çirklənmədən mühafizə olunmalıdır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən alıcıya qida məhsullarının adı, növü, qida və enerji dəyəri, tərkibi, miqdarı (çəkisi), keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. İstehsal tarixi ilə yararlılıq müddətləri eyni yerdə göstərilməlidir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən qida subyektləri diri heyvanlar və ya qida məhsullarının emalında istifadə olunan materiallar istisna olmaqla, son hazır məhsulu insan istehlakı üçün yararsız vəziyyətə salan, habelə parazitlər, patogen mikroorqanizmlər və ya toksinlərlə çirklənmiş və ya kənar maddələrlə çirklənmə ehtimalı müəyyən edilmiş xammal (ərzaq xammalı, qablaşdırma materialları və s.), inqrediyentlər və ya məhsulları qəbul etməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 133.2.8-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməlidir. Belə ki, yoxlamanın nəticələri üzrə xx.xx.2023cü il tarixli qərarla aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt təyin edilməsi onu məsuliyyətdən azad etmir, əməlində inzibati xəta əlamətləri aşkar olunduğundan həmin qərarla inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi qərara alınmışdır. X3 məhkəməyə ətlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, X5 Bakı Regional Bölməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun aparılmış, X12 İXM-nin 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. O, əsaslı və qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə 1500 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X7 şikayəti təmin edilməsin. X5 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar