Məhkəmə qərarları › İş №3(011)-2204/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2204/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2204/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 01 mart 2024-cü il tarixli EQ 19729967 saylı İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş X4i İdarəsinin 01 mart 2024-cü il tarixli EQ 19729967 saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 02 mart 2024-cü il tarixdə “SMS Radar” elektron məlumat vasitəsi ilə X1 məlumat verilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə barəsində EQ/19729967 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tədbiri barədə qərar tərtib olunub. Daha öncə Xətai Rayon Məhkəməsinə müraciət edilərək sözügedən qərarın ləğv edilməsi xahiş edilmişdir. Xətai Rayon Məkhəməsi tərəfindən qəbul edilmiş qərara əsasən EQ/19729967 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilərək Azərbaycan Respublikas Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə araşdırımanın yenidən aparılması üçün geri qaytarılmışdır. Lakin səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə həmin cərimə qərarı yenidən bərpa edilərək SMS Radar proqramı vasitəsilə ona təqdim edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, qərar tərtib olunarkən AR İXMnin müddəaları nəzərə alınmamışdır. Elektron qərara əlavə olunmuş fotolara baxış keçirdikdə Xətai rayon, Məhəmməd Hadi küç prospektində hərəkət edərkən yolun sağ tərəf istiqamətində dayanmış və 1 dəqiqə ərzində sərnişin götürüb oradan ayrılmışdır. Həmin vaxt o avtonəqliyyat vasitəsini tərk etməmişdir, heç bir hərəkət iştirakçısına maneə törətməmişdir və bu həmin qərara əlavə olunmuş videodan da görünə bilər. Avtomobili tərk etmədiyi halda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. AR İXM-də dayanma və durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124-cü maddəsinin tələblərinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsinə quraşdırılmış bort kompüter vasitəsilə və xəta törətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Onun tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə onun iş materiallarına əlavə etdiyi inzibati tənbeh vermə haqqında qərardan, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, həmin qərarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 01 mart 2024cü il tarixli EQ 19729967 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş X2 və Baş X4i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 01 mart 2024-cü il tarixli EQ 19729967 saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 01 mart 2024-cü il tarixdə, saat 22:03-də dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 124.5-ci maddəsinə əsasən, isə Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda “inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli, 181 nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş X4i İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 01 mart 2024-cü il tarixli EQ 19729967 saylı protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin 01 mart 2024-cü il tarixli EQ 19729967 saylı protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar