Məhkəmə qərarları › İş №3(011)-2208/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2208/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2208/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 kənd ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-dən daxil olmuş 17.05.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17.05.2021-ci il tarixdə saat 23:05 radələrində Xətai rayonu Y.Səfərov küçəsində «Azsamand LX» minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, «Azsamand LX» minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 17.05.2021-ci il tarixdə DYP əməkdaşları tərəfindən saxlanılmış, nömrəsinin üzərində siqaret kağızı olduğundan barəsində protokol tərtib edilmişdir. Nəqliyyat Agentliyinin əməkdaşları dayanma, durma qaydalarına görə cərimə yazdıqlarından məcbur olub bunu etmişdir. Maddi imkanı cəriməni ödəmək üçün yetərli deyil, həmçinin, DYP əməkdaşları ona qarşı qanunsuzluq etmişlər. Əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığını nəzərə alaraq yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.05.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, Şəxs 17.05.2021-ci il tarixdə saat 23:05 radələrində Xətai rayonu Y.Səfərov küçəsində «Azsamand LX» minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir; izahatdan görünür ki, Şəxs 20 manat cərimə edilməmək üçün bunu etdiyini, əməlindən peşiman olduğunu bildirmişdir. fotoşəkillərdən görünür ki, «Azsamand LX» minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə siqaret kağızı qoyulmuş, dövlət qeydiyyat nişanının görünüşü çətinləşmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və barəsində maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən siqaret kağızının hər hansı bir dəyəri olmadığından onun müsadirəsi mümkün deyildir, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbehin bu iş üzrə tətbiq edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar