Məhkəmə qərarları › İş №3(011)-2216/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2216/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2216/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndələri Nümayəndə2 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi X2 Şəxs MMC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-yə inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 04 aprel 2024-cü il tarixdə saat 11:30-da nümayəndəsinin X7 Xidmətinin Bakı şəhər idarəsində iştirakının təmin edilməsi barədə məktub göndərildiyini, lakin nümayəndənin inzibati icraatın aparılmasında iştirak etmədiyini və inzibati icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları ilə tam təsdiq edildiyini bildirərək hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, o, məhkəmə iclasında verdiyi ilkin izahatında bildirmişdir ki, daha əvvəllər X4 tanımamış və aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Aydan Yasahova rəsmi olaraq Şəxs MMC-də işləməyə yanvar-fevral aylarında başlamış və həmin vaxtdan onu tanımışdır. İş materiallarına əlavə edilmiş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların fotoşəkillərində olan mobil nömrə onun yoldaşı Sevilə məxsus olmuş, sonuncu MMC-nin rəhbərliyini təmsil etmiş və rəhbər şəxslərdən biri olmuşdur. Növbəti məhkəmə iclaslarında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 bildirmişdir ki, iş materiallarına əlavə edilmiş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların fotoşəkillərində olan mobil nömrə onun yoldaşı Sevilə məxsus olmamışdır. X9 əvvəlcədən planlaşdıraraq həmin SMS-ləri düzüb qoşmuşdur ki, daha sonra onları şikayət edərək inzibati məsuliyyətə cəlb edilmələrinə səbəb olsun. Lakin qeyd olunan hallar araşdırılmadan səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, hal-hazırda X9 ilə aralarında barışıq əldə olunmuşdur və qeyd olunan hal notarial qaydada təqdim edilmiş ərizə ilə də öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş 04 aprel 2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC-nin nümayəndəsi inzibati xətanın törədilməsi faktının olub-olmamasının müəyyənləşdirilməsi üçün 04 aprel 2024-cü il tarixdə, saat 11:30-da X7 Xidmətinin Bakı şəhər idarəsinə dəvət olunmuşdur; X5 və X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsində verdikləri izahatlarında hər biri ayrı-ayrılıqda X2 əmək müqaviləsi olmadan “manacer” vəzifəsinə işə cəlb edilməsini bir daha təsdiq etmişlər; “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların fotoşəkillərindən görünür ki, +994 55 *** ** ** saylı mobil nömrə (Sevil) və “Nurlan bəy” adlı şəxs 2023-cü ilin dekabr ayında X9 ilə əlaqə yaradaraq müxtəlif sifarişlər vermişlər və bununla da o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; X9 xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsində verdiyi izahatında xx.xx.2023-xx.xx.2024-cü il tarixləri aralığında Şəxs MMC-də menecer vəzifəsində çalışdığını qeyd etmişdir. X9 tərəfindən 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində verilmiş **********720 saylı ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC-də rəsmi qaydada çalışmışdır. Bundan başqa tarixlərdə orada rəsmi və ya qeyri-rəsmi çalışmamışdır. Ərizə onun sözləri əsasında yazılmışdır və yazılanları öz imzası ilə təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə edilmiş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindəbn X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 məhkəmə iclaslarında verdiyi izahatlarında qeyd etdiyi xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını, daha əvvəllər X4 tanımadığını, Aydan Yasahovanın rəsmi olaraq Şəxs MMC-də işləməyə yanvar-fevral aylarında başladığını və həmin vaxtdan onu tanıdığını, iş materiallarına əlavə edilmiş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların fotoşəkillərində olan mobil nömrə onun yoldaşı Sevilə məxsus olduğunu, sonuncunun MMC-nin rəhbərliyini təmsil etməsini qeyd etmişdir. Lakin məhkəmənin növbəti iclaslarında o, iş materiallarına əlavə edilmiş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların fotoşəkillərində olan mobil nömrənin onlara məxsus olmadığını, X2 əvvəlcədən planlaşdıraraq həmin SMS-ləri düzüb qoşaraq daha sonra onları şikayət edərək inzibati məsuliyyətə cəlb edilmələrinə səbəb olmaq istədiyini, qeyd olunan hallar araşdırılmadan səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini, həmçinin, hal-hazırda X9 ilə aralarında barışıq əldə olunmasını qeyd etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 ilkin məhkəmə iclasında və daha sonra baş tutmuş məhkəmə iclaslarında verdiyi izahatlar arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, qeyd olunan hal özünü müdafiə xarakteri daşıyır və həmin izahatlar inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 iş materiallarına əlavə edilmiş telefon yazışmalarının onlara məxsus mobil nömrə ilə aparılmadığını, Aydan Yasahovanı yanvarfevral ayında tanıdığını, daha əvvəldən tanımadığını və həmin SMS-lərin onun tərəfindən qabaqcadan hazırlandığını göstərsə də, 2024-cü ilin yanvar-fevral aylarında işə başlamış şəxsin 2023-cü ilin dekabr ayından etibarən əvvəlcədən tanımadığı şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri üçün sözügedən SMS-ləri hazırlaması inandırıcı deyil. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 şikayətçi X9 ilə aralarında barışıq əldə olunduğunu və qeyd olunan halın notarial qaydada verilmiş ərizə ilə təsdiq olunduğunu göstərsə də, məhkəmə qeyd etməlidir ki, inzibati xəta haqqında material məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və daha sonra məhkəmə prosesinin gedişatında X9 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat ofisində **********720 saylı ərizə təqdim edərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Şəxs MMC-də rəsmi qaydada çalışdığını, bundan başqa tarixlərdə orada rəsmi və ya qeyri-rəsmi çalışmadığını qeyd etmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, onun hərəkətləri aralarında barışıq əldə ediləndən sonra hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin qarşısını almaqdan ibarət olmuşdur. Məhkəmə bri daha qeyd edir ki, X9 xx.xx.2024cü il tarixə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsində verdiyi izahatında xx.xx.2023xx.xx.2024-cü il tarixləri aralığında Şəxs MMC-də menecer vəzifəsində çalışdığını qeyd etmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar