Məhkəmə qərarları › İş №3(011)-2223/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2223/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2223/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hacıyeva Sülhanə Sərdar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilir; 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir; 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir; 100.1.10-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir; 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İş materiallarından görünür ki, inzibati xətanın Şəxs tərəfindən törədilməsi barədə işə zəruri və lazımi sənədlər əlavə edilməmişdir. Belə ki 539.1-1-ci maddənin mahiyyəti göstərişin icra edilməməsinə görə məsuliyyət yaratması olmasına baxmayaraq iş materiallarına bununla bağlı heç bir sənəd əlavə edilməmiş, hüquqi şəxsə bu barədə xəbərdarlıq edilib-edilməməsini təyin etmək mümkün olmamışdır. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Azesan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın törədilməsini təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar