Məhkəmə qərarları › İş №3(011)-2225/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2225/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2225/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 16 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Firması tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 9 ünvanında 16 may 2024cü il tarixdə, saat 15:10-da “Təbrik” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının direktoru X4 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs Şəxs Firması tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 9 ünvanında 16 may 2024-cü il tarixdə, saat 15:10da “Təbrik” adlı obyektin müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyini bildirərək barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, hüquqi şəxsə bildiriş göndərilərək reklamların sökülməsi tələb edilsə də hazırkı vaxtadək yerləşdirilmiş reklamlar sökülməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin böyük müfəttişi X3 tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Firması tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 9 ünvanında 16 may 2024-cü il tarixdə, saat 15:10da “Təbrik” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Təbrik Palace” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokol Şəxs Firmasına göndərilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Şəxs Firması tərəfindən reklam yerləşdirilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 17 aprel 2024-cü il tarixli aktdan görünür ki, hüquqi şəxs Şəxs Firması tərəfindən 17 aprel 2024-cü il tarixdə, saat 16:42-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 9 ünvanında yerləşən “Təbrik Palace” adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edildiyinə və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunduğuna istinad olunaraq həmin aktda qeyd olunan qanun pozuntularının 5 (beş) gün ərzində aradan qaldırılması, eləcə də icazəsiz reklam yayımının dayandırılması tələb olunmuş, əks təqdirdə barələrində İXM-nin 428.7.1-ci maddəsinə əsasən protokol tərtib olunacağı bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.1-ci maddəsinə əsasən, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 16 may 2024-cü il tarixdə, saat 15:10-da Şəxs Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 9 ünvanında yerləşən “Təbrik” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Firmasının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, hüquqi şəxs Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Hüquqi şəxs Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar