Məhkəmə qərarları › İş №3(011)-2230/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2230/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2230/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndələri X9 və X6, Şikayətçi «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X7 və etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN № ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 20 may 2024-cü il tarixdə “PSG X21 Kredit Təşkilatı” MMC-nin qanuni təmsilçisi kimi onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında (MN № 1613211) qərar qəbul etmişdir. Tərtib edilmiş həmin qərarla razılaşmır. Belə ki, işçi X10 ilə rəhbərlik etdiyi cəmiyyət arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin texniki səbəblərlə əlaqədar əmək münasibətləri xx.xx.2024-cü il tarixində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. İşçiyə əmək haqqının hesablanaraq ödənilməsi, o cümlədən vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta ödənişlərin icrası əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən hesablanaraq həyata keçirilmişdir. Elektron sistemdə işçinin işə başlama tarixi məhz xx.xx.2024-cü il kimi göstərilib. Bu fakt məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişindən də açıq-aydın görünür. N.İsmayılovun əmək müfəttişliyinə şikayəti də işə qəbul prosesi ilə bağlı deyil, müqaviləyə xitam verilməsi və məzuniyyət hüququ ilə bağlı olmuşdur. Müfəttişliyin vəzifəli şəxsləri tərəfindən cəmiyyətin nümayəndələrinə inzibati məsuliyyətin səbəbi kimi əmək münasibətlərinin elektron informasiya sisteminə gec daxil edilməsi göstərilmişdir. Göründüyü kimi təşkilatları işçi ilə əmək müqaviləsi bağlayaraq, əmək haqqı və qanunvericiliklə nəzərdə tutulmuş digər ödəmələri icra etmişlər. Sadəcə texniki səbəblərdən müqavilənin elektron informasiya sisteminə daxil edilməsi şənbə və bazar günləri daxil olmaqla cəmi 4 gün gecikmişdir. Bu gecikmə faktının 3 ay sonra aşkar edilərək cəmiyyətin və onun vəzifəli şəxsinin 192-ci maddə ilə nəzərdə tutulmuş ən yüksək məbləğlərlə məsuliyyətə cəlb edilməsini doğru hesab etmirlər. İnzibati Xətalar Məcəlləsində əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə əlaqədar məlumatların elektron informasiya sisteminə gec daxil edilməsinə görə açıq maddə ilə birbaşa məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa Əmək müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən prosessual normalar da pozulmuşdur. Göründüyü kimi hüquqi şəxsin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsi məhz məhkəmə tərəfindən həyata keçirilə bilərdi. İnzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixində ona rəsmi olaraq təqdim edilmişdir. Odur ki, göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş MN № ******* nömrəli, 20 may 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi «PSG X21 Kredit Təşkilatı» MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, işçi X10 təmsil etdiyi cəmiyyət arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin texniki səbəblərlə əlaqədar əmək münasibətləri xx.xx.2024-cü il tarixində elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Belə ki, «PSG X21 Kredit Təşkilatı» MMC ilə “X13” MMC arasında kompüter texnikasının idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “X13” MMC müəyyən ödəniş müqabilində şirkətə kompüter xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin sistemdə olan müəyyən texniki nasazlıqlara görə əmək müqaviləsi sistemə gecikmə ilə daxil edilmuişdir. Buna baxmayaraqİşçiyə əmək haqqının hesablanaraq ödənilməsi, o cümlədən vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta ödənişlərin icrası əmək müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən hesablanaraq həyata keçirilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, hüquqi şəxs «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X15 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş X10 «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hüquqşünas vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən o, şikayətçi «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək 20 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X17 izahatında X6 göstərdiyi xüsusatları təsdiqləyərək şikayətçi «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsini və 20 may 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X16 tərəfindən tərtib olunmuş 20 may 2024cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X10 «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hüquqşünas vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “PSG X21 Kredit Təşkilatı” MMC-nin direktoru X14 ilə “X13” MMC-nin direktoru X11 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli kompüter şəbəkəsinə xidmətlərin göstərilməsi haqqında 04/24 saylı müqavilədən görünür ki, “X13” MMC müəyyən ödəniş müqabilində kompüter texnikasının idarə edilməsi üzrə xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. “PSG X21 Kredit Təşkilatı” MMC-nin direktoru X14 ilə X10 arasında bağlanmış əmək müqaviləsindən və əmək müaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdən etibarən baş hüquqşünas vəzifəsinə cəlb edilmişdir; 2UF9KWH001200 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş 20 fevral 2024-cü il tarixdə imzalanmışdır. “PSG X21 Kredit Təşkilatı” MMC-nin icraçı direktoru Nofəl İsmayılov tərəfindən “X13” MMC-yə ünvanlanmış 19 fevral 2024-cü il tarixli, 05/2024 saylı məktubda qeyd edilmişdir ki, 16 Fevral 2024-cü il tarixdən etibarən texniki xidmət göstərilən serverin (əməliyyat blokunun) işində müəyyən axsamalar yaranmışdır. Belə ki, yeni sazlanmış əməliyyat sistemi gecikmələrlə işləyir, ofis daxili kompüter avadanlıqlarının internetə çıxışında kəsilmələr müşahidə edilir, beləliklə müştərilərə keyfiyyətli maliyyə xidmətlərinin göstərilməsində maneələrlə üzləşirlər. Texniki problemin aradan qaldırılması istiqamətində onlara köməklik göstərilməsi xahiş olunmuşdur. “X13” MMC–nin direktoru Ağayev Bakir tərəfindən “PSG X21 Kredit Təşkilatı” MMCnin icraçı direktoru Nofəl İsmayılova ünvanlanmış 20 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, yeni proqram təminatına keçid məqsədi ilə serverin təkmilləşdirilməsi işləri aparıldığından internetdə qeyd olunan tarixlərdə dayanmalar baş vermişdir, 20 fevral 2024-cü il tarixdən isə xidmət bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 20 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X10 «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən hüquqşünas vəzifəsinə işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin məhkəmə qeyd edir ki, «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş “PSG X21 Kredit Təşkilatı” MMC-nin direktoru X14 ilə “X13” MMC-nin direktoru X11 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli kompüter şəbəkəsinə xidmətlərin göstərilməsi haqqında 04/24 saylı müqavilədən görünür ki, “X13” MMC müəyyən ödəniş müqabilində kompüter texnikasının idarə edilməsi üzrə xidmətlərin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin 16 Fevral 2024-cü il tarixdə kompüter şəbəkəsində müəyyən texniki nasazlıqlar yarandığından X4 əmək müqaviləsi bildirişi rəhbər X5 asılı olmayan səbəblərdən 20 fevral 2024-cü il tarixdə gücləndirilmiş elektron imza ilə sistemə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, X14 qeyd etdiyi bu hal həmçinin “X13” MMC–nin direktoru Ağayev Bakir tərəfindən “PSG X21 Kredit Təşkilatı” MMC-nin icraçı direktoru Nofəl İsmayılova ünvanlanmış 20 fevral 2024-cü il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, ki, yeni proqram təminatına keçid məqsədi ilə serverin təkmilləşdirilməsi işləri aparıldığından internetdə 20 fevral 2024-cü il tarixə qədər dayanmalar baş vermişdir, 20 fevral 2024-cü il tarixdən isə xidmət bərpa edilmişdir. Göründüyü kimi X14 ondan asılı olmayan səbəblərdən, yəni komputer şəbəkəsində olan texniki nasazlıq səbəbindən əmək müqaviləsi bildirişini gücləndirilmiş elektron imza ilə sistemə daxil edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X7 əməlində inzibati xəta tərkibi olmadığından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən «PSG X21 Kredit Təşkilatı» MMC-nin direktoru X7 barəsində qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar