Məhkəmə qərarları › İş №3(011)-2237/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2237/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2237/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 24 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olma (cərrah fleboloq Stepnov İvan) faktı aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahat verərək bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən barələrində əsassız olaraq 24 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, protokolda sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olması göstərilən şəxs X16 10 yanvar 2023-cü il tarixindən etibarən “Azər-Türk Med” kilinikasındakı tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Odur ki, göstərilənlərə əsasən o, barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, plandankənar yoxlama aparılarkən Şəxs MMC-yə məxsus “Azər-Türk Med” kilinikasında sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X11 şöbəsinin baş mütəxəssisi X6 tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Azər-Türk Med” kilinikasında keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olma (cərrah fleboloq Stepnov İvan) faktı aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 24 may 2023cü il tarixli 362 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, şikayətdə adları qeyd olunan həkimlər: X8 və Stepnov İvan müqavilə ilə işə götürülsələr də, cərrah fleboloq Stepnov İvan – Rusiya Federasiyasının vətəndaşıdır, diplomu Təhsil Nazirliyində təsdiq edilsə də, Azərbaycan Respublikası SN-nin “Tibbi və əczaçılıq fəaliyyəti” ilə məşğul olmağa buraxılması barədə sənədi yoxdur. Bu baxımdan da Stepnov İvan (cərrah fleboloq) sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətlə məşğul olması faktı təsdiqlənmişdir. Aktın qeyd hissəsində MMC-nin direktoru vəzifəsində çalışan X1 Stepnov xarici vətəndaş olduğu üçün sertifikasiya şəhadətnaməsinin tələb olunmasından məlumatı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 607 saylı qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də AEM-nin Tibbi Nəzarət şöbəsinin müdir müavini X7, AEM-nin Tibbi Nəzarət şöbəsinin müdir müavini X13, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X6, AEM-nin Tibbi Nəzarət şöbəsinin həkim plastik cərrah (ekspert) X9, AEM-nin Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X17, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X10 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231923422 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2023-cü il tarixli 607 saylı Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 Şəxs MMC-də cərrah fleboloq kimi fəaliyyət göstərmişdir. Şəxs MMC-nin direktoru X4 tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli əmrdən görünür ki, X16 xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus klinikada sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyətlə məşğul olma qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Azər-Türk Med” kilinikasında keçirilən plandankənar yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan cərrah fleboloq X12 tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkar edilməsini əsas gətirərək hüquqi şəxsin barəsində 24 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək cərrah fleboloq X12 tibbi fəaliyyətlə məşğul olmaqdan kənarlaşdırıldığını bildrimiş və bunu təsdiq edən əmri məhkəməyə təqdim etmişdir. Məhkəmə hüquqi şəxsin direktoru tərəfindən təqdim olunmuş sözügedən əmri nəzərdən keçirərək müəyyən etmişdir ki, X12 xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçənədək praktik tibb fəaliyyətindən kənarlaşdırılmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən 24 may 2023-cü il tarixdə onun sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsinə istinad edilməklə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilməsi əsassız olmuşdur. Həmçinin qeyd edilməlidir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus “Azər-Türk Med” kilinikasında sertifikasiya şəhadətnaməsi olmadan cərrah fleboloq X12 tibbi praktiki fəaliyyətlə məşğul olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 24 may 2023cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar