Məhkəmə qərarları › İş №3(011)-2242/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2242/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2242/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, vəzifəli şəxs Şəxs iştirakları ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 15:26-da “NN Avto” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 15:26-da “NN Avto” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş 22 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Şəxs ünvanına göndərilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən açıq məkanda ona məxsus “NN Avto” adlı obyektin üzərində müxtəlif məzmunlu reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni, müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, vəzifəli şəxs Şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində saat 15:26-da “NN Avto” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar