Məhkəmə qərarları › İş №3(011)-2249/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2249/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2249/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı Şəhər X9 İdarəsinin 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2024-cü il tarixində, saat 12:02 radələrində +**********99 nömrəsindən zəng gəlmişdir. Özünü polis əməkdaşı kimi təqdim edən Məmmədov Hüseyn adlı şəxs ona məxsus ** NY *** dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobili ilə 14, 29 noyabr 2024-cü il tarixlərində Xətai rayonu, S.Orucov küçəsində İXM-nin 327.4 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə kimi qanun pozması barəsində məlumat verərək onu BŞBDYPİ-nin 24-cü otağına kamera görüntüləri ilə tanış olmağa dəvət etmişdir. O, ona cərimənin elektron formatda gəlmədiyini, foto və video görüntü barədə də elektron məlumatının olmadığı barədə iradını bildirərək otağa yaxınlaşmaqdan imtina etmiş, 102 və 902 qaynar xəttlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Qaynar xəttlərə şikayətini bildirdikdən sonra yenidən xx.xx.2024-cü il tarixində, saat 16:01 radələrində ona +**********27 nömrəsindən zəng gəlib özünü ilk öncə təqdim etməsə də sonradan adının Seymur olduğunu bildirən polis serjantı (soyadını deməyib) yenidən ona qayda pozduğunu, raport əsasında icraatda olduğunu, sözügedən ünvanla əlaqədar araşdırma aparıldığını bildirmiş, otağa yaxınlaşıb yaxınlaşmadığını soruşmuş, o, qanuni qaydada protokol tərtib edilmədiyini izah etmişdir. Danışıqlarından sonra ona xx.xx.2024-cü il tarixi ilə Paşazadə Hümbət tərəfindən tərtib edilmiş Xətai rayonu, S.Orucov küçəsində İXM-nin 327.4 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istimətdə hərəkət etmə qeyd olunmuş İXP6759482 saylı qərarsız elektron protokol göndərilmişdir. xx.xx.2025-ci ildə isə barəsində inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə etdiyi şikayətə əsasən barəsində müəyyən edilmiş qərara (iş № 3(011)-596/2025) əsasən inzibati xəta haqqında xx.xx.2024-cü tarixli, İXP ******* saylı protokola əsasən Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP6938564 nömrəli qərarın ləğv edilməsi qərara alınsa da protokol ləğv edilərək, yenidən xx.xx.2024-cü il tarixi ilə İXM 327.4 1.1, 1.3 və 1.11 maddələri ilə İXP ******* saylı protokol və xx.xx.2025-ci il tarixində isə TP ******* saylı qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş protokolda ciddi qanun pozuntularını (Şəhər nəzarət kameralarında görüntü olduğu halda protokol avtomatik olaraq elektron formada, qayda pozuntusu qeydə alındıqdan sonra 24 saat ərzində sürücüyə göndərilməli olduğu halda 1 aydan sonra ona köhnə tarixlə protokol tərtib edilib, S.Orucov küçəsi bir istiqamətlidir, orda qoşa xətt yoxdur, barəmdə tərtib olunmuş elektron protokolda şəkil və video görüntü yoxdur, şəhər nəzarət kameralarına baxış keçirilmir) və məhkəmənin qərarına məhəl qoyulmur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X9 İdarəsinin polis mayoru X2 tərəfindən tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 10:52-də “BMW X5 XDrive 25D Sport Package minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Bakı Şəhər X9 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2024-cü il tarixdə, saat 10:52-də “BMW X5 XDrive 25D Sport Package minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14 noyabr 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X5 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 14 noyabr 2024-cü il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində protokol 14 dekabr 2024-cü il tarixdə tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar isə 01 ay 10 gün sonra, yəni 24 dekabr 2024cü il tarixdə qəbul edilmişdir. Qərarın və protokolun hadisənin törədilməsi vaxtından xeyli müdət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır.(xx.xx.2025-ci il tarixli qərarda protkolun tərtib edilmə tarixi xx.xx.2024-cü il kimi göstərilmişdir, lakin elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, protokolun yaranma tarixi xx.xx.2024-cü ildir) Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Habelə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X3 barəsində qəbul edilmiş Bakı Şəhər BPİ-nin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına baxmayaraq, həmin qərarda qeyd olunan hallar araşdırılmadan şəxsin barəsində yenidən eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığından, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İXM-nin tələbləri pozulduğundan 14 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X9 İdarəsinin 14 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 14 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 03 mart 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və təqsirliliyi sübuta yetmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar