Məhkəmə qərarları › İş №3(011)-2255/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2255/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2255/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X1 Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2255/2021 saylı, 14.06.2021-ci il tarixli qərarına əsasən X5 şikayəti təmin edilmiş və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2633/2021 saylı 11.11.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 2255/2021 saylı, 14.06.2021-ci il tarixli qərarı ləğv edilərək, baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləki, o, 04 may 2021-ci il tarixdə saat 18.25-də idarə etdiyi «Mercedes Benz E320» minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən sola və ya geriyə dönmə qaydalarının pozulması və avtomobili etibarnaməsiz idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, qeyd etmək istəyir ki, həmin vaxt inzibati xətanı törətmişdirsə onun avtomobili ilə toqquşan avtomobilin sürücüsü X6 da həmin inzibati xətanı törətmişdir. Belə ki, yol nəqliyyat hadisəsi olan zaman onun etibarnaməsi olmasına baxmayaraq onun müddətinin bitməsindən xəbəri olmamışdır. Amma qarşı tərəfində idarə etdiyi avtomobildə etibarnamə olmamışdır. Amma hadisə olandan bir müddət sonra ora bir nəfər şəxs yaxınlaşmış və işi aparar təhqiqatçıya avtomobilin onun adına olduğunu və hadisə vaxtı sürücünün yanında əyləşməsini bildirmişdir. İşi aparan təhqiqatçı polis kapitanı X7 isə həmin şəxsin sonradan hadisə yerinə gelməsinə baxmayaraq ondan sənəd tələb etməmiş, həmin şəxsin kim olmasını müəyyən etməmiş və işi bir tərəfli araşdıraraq qərar qəbul etmişdir. Həmçinin təhqiqatçı polis kapitanı X7 inzibati xəta haqqında protokol tərtib edərkən onu aldadaraq protokola imza etdirmiş, sonradan imza etdiyi yerin qarşısında “Razıyam ödəyəcəyəm” sözünü əlavə etmişdir. Bü söz onun tərəfindən yazılmamışdır. Bundan əlavə o, qəza törədəndən sonra təhqiqatçı polis kapitanı X7 hadisə baş verəndən sonra hadisə yerinə gəlmiş və onun əzilib əzilmədiyini soruşmuş, əgər əzilmiş olduğunu bildirərsə iş üzrə tibbi ekpertiza təyin edilərsə onda onun barəsində cinayət işi başlayacağı ilə onu hədələmişdir. Əgər təhqiqatçı işi tam və hərtərəfli araşdırsaydı hadisə yerində olan kameralara və maşının gəldiyi yolboyu kameralara baxılsaydı məlum olardı ki, onunla toqquşan avtomobilin sürücüsünün yanında maşının mülkiyyətçisi əyləşməmişdir. Hadisə baş verərkən maşının arxa oturacağında bir xanım əyləşmişdi. Halbuki, maşının mülkiyyətçisi qadın deyil kişidir. Təhqiqatçının qəbul etdiyi qərarın belə olması sığorta şirkətinin qarşı tərəfə ödədiyi pulun gələcəkdə məndən tutulması ilə yekunlaşacaq. Çünki hadisə zamanı onun etibarnaməsi olsada vaxtı bitmiş olmuş, qarşı tərəfin heç etibarnaməsi belə olmamışdır. Əgər təhqiqatçı polis kapitanı X7 hər ikisinin etibarnaməsiz avtomobili idarə etməsi ilə bağlı protokol tərtib edib qərar qəbul etsəydi sığorta hər ikisinin avtomobilini təmir etdirəcəydi və onlardan gələcəkdə sığortanın ödəyəcəyi pulla bağlı problem olmayacaqdı. Həmçinin qeyd etmək istəyir ki, qərar qəbul olunduğu tarixdən o, təhqiqatçı polis kapitanı X7 ilə əlaqə saxlasada o, həmin qərarı ona təqdim etməkdən hansısa ona məlum olmayan səbəblərdən qaçırmış və tərtib olunan protokolu və qərarı ayrı-ayrı vərəqlərdə deyil bir vərəqin arxa və ön hissəsinə yarımçıq çıxararaq ona, 26 may 2021-ci il tarixdə təqdim etmişdir. Beləliklə o, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru, polis kapitanı X3 05 may 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, hadisə vaxtı avtomobili etibarnaməsiz idarə etməsinə səbəb etibarnamənin vaxtının bitdiyini bilməməsi olmuşdur, əlavə olaraq o qeyd etmişdir ki, qoşa xətti kəsərək dönmə əməliyyatı etmişdir. Hal-hazlrda mübahisələndirdiyi məsələ qarşı tərəfin də günahkar olması, avtomobili etibarnaməsiz idarə etməsidir. 05 may 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək, X5 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətin əsassız olduğunu bildirmiş və şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 04.05.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, X8 04 may 2021-ci il tarixində idarə etdiyi “Mercedes Benz E320” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuş və İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru, polis kapitanı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X8 04 may 2021-ci il tarixində İXM-nin 327.2 və 332.1ci maddələrində nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X8 04 may 2021-ci il tarixdə saat 18:25-də “Mercedes Benz E320” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna və İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Bu fakt, işdə olan digər materiallarla yanaşı X5 şikayət ərizəsində göstərdiyi xüsusatlarla da öz təsdiqini tapmışdır. Belə ki, o, şikayət ərizəsində qeyd etmişdir ki, hadisə zamanı onun idarə etdiyi nəqliyyat vasitəsində etibarnamə olmuşdur, lakin onun müddətinin bitməsindən xəbəri olmamışdır. Lakin qeyd edilən fakt onu inzibati məsuliyyətə cəlb olunmaqdan azad etmir. Əlavə olaraq o izahatında qeyd etmişdir ki, qoşa xətti kəsərək dönmə əməliyyatı etmişdir. Beləliklə, X5 irəli sürdüyü dəlillərin, eləcə də şikayətin təmin olunaraq mübahisələndirilən qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, səlahiyyətli orqan tərəfindən də müvafiq araşdırma aparılmış və X5 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə və nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyinə görə barəsində əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, 04 may 2021-ci il tarixdə qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatları ilə təsdiq edildiyindən, X5 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X5 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 05.05.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X5 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar