Məhkəmə qərarları › İş №3(011)-2262/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2262/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2262/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, O, 20 aprel 2022-ci ildə 102 qaynar xəttinə zəng edərək, həmin tarixdə qonşusu Vüsalın bıçaqla üzərinə hücüm elədiyini, bununla əlaqədar həmin şəxsin barəsində müvafiq ölçü görülməsini xahiş etmişdir. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ərizənin icrası ilə əlaqədar həmin polis şöbəsinə getmiş, orada Vüsal polis əməkdaşlarının yanında onui ağır söyüşlərlə təhqir eləmiş və üstünə cummuş, o, Vüsalın söyüş yöyməsindən əsəbləşib ağzından yavaşca 1 dəfə vuraraq onu söyməsini bildirmişdir. Şikayətini araşdıran polis kapitanı Budaq Budaqlı onun şiakyətini araşdrımaq əvəzinə, onun barəsində inziabti xəta haqqında tədbir görülməsi üçün 37-ci Polis Bölməsinə göndərilməsi, şikayəti isə rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar əsasında 37-ci Polis Şöbəsinin sahə müvəkkili Bayram Nəbiyev tərəfindən barəsində AR İXM -nin 157-ci maddəsi ilə 10 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, qeyd olunan protokol qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, o, xx.xx.2022ci ildə qonşunun qanunsuz hərəkətlərinə görə şikayət etmişdir. Şikayəti ilə bağlı polis şöbəsinə çağrılmış, orada təhqiqatçının yanında qonşusu Vüsal tərəfindən ağır söyüşlərlə təhqir edilmişdir. Polis əməkdaşı bölmənin inzibati binasında onu söyməsinə görə heç bir tədbir görməmiş, əksinə Vüsalın ağzına 1 dəfə yumşaq vurmağıma görə onu cəzalandırır. Qərarda deyilən 407 saylı ekspert rəyində isə Vüsal Rəhimovun xx.xx.2022-ci ildə boyunun arxa hissəsindən sıyrıq xəsarətləri alması və sağlamlığa zərər vurmayan xəsarət alması qeyd edilir. O, əgər polisin gözü qarşısında 1 dəfə yavaşca ağızından söyməməsi üçün vurmuşsa, canlı cüssəli Vüsal necə boynundan xəsarət ala bilərdi. Bu hallar araşdırmadan şikayət olunan şəxs əvəzinə şikayət edən şəxs olaraq onu qanunsuz və əsassız yerə cəzalandırırlar. Halbuki, Vüsal adlı şəxs bir müddət əvvəl öz doğma qardaşı Ümidi bıçaqla ürəyindən vurmuş, sonra isə başqa-başqa şəxslərə qarşı etdiyi hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş, habelə Vüsal ruhi əsəb dispanserində qeydiyyatdadır. Polis əməkdaşı onun müdafiə hüququmu pozmuş, həmin vaxt müdafiəçi təyin etməmiş, protokolun tərtib edilməsində iştirakını təmin edilməmiş, saxta əsaslarla onu cəzalandırmaq istəyir. Ona görə də, inzibati xəta haqqında iş üzrə qərarla razılaşmır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Budaq Budaqlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X6 DİN-nin 102 xidmətinə müraciət edərək qonşusu Vüsalın bıçaqla yaşadığı ünvana onun üzərinə hücum çəkdiyini bildirmişdir. Həmin tarixdə X5 da ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək qeyd etmişdir ki, X6 onun üzərinə hücum edib sillə ilə onun boyun nahiyyəsindən vurmuşdur. Beləliklə, toplanmış material üzrə X5 və X3 barəsində cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2022ci il tarixdə X4 döymüşdür. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(011)-56/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Budaq Budaqlı tərəfindən qəbul edilmiş 30 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş və əlavə araşdırma aparılması üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar