Məhkəmə qərarları › İş №3(011)-2263/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2263/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2263/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, istifadəsində olan “Ford Fusion” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili Babək prospektində yolun kənarında saxlamışam, avtomobildə arxa şüşə üçün nəzərdə tutulmuş pərdə olmuşdur. Avtomobilin ön tərəfinə gün düşdüyündən, həmin pərdəni qabaq tərəfdən şüşəyə söykəyərək, avtomobili tərk etmişdir. Sonradan yol polisi əməkdaşlarının avtomobilə yaxınlaşdıqlarını görüb, avtomobilə tərəf gəlmişdir. Onlar ona ön şüşəyə üzlük çəkdiyinə görə avtomobil cərimə meydançasına aparılacaqlarını bildirmişlər. O, isə qapını açıb, pərdəni ön tərəfdən götürüb arxaya qoyaraq, gündən qorunmaq üçün avtomobildə olmadığı müddətdə müvəqqəti şüşəyə söykədiyini bildirmişdir. Polis əməkdaşları israrla avtomobilin cərimə meydançasına aparılacağını deyərək evakuator çağırmışlar. Evakuator gəldikdə maşını evakuatora qaldırmışlar və o, həmin vaxt video və foto şəkillər çəkərək, avtomobilin cərimə meydançasına aparılması üçün şüşədə hər hansı bir üzlük olmadığını qeydə almışdır. Çəkilişlərdən də görünür ki, avtomobil evakuatora çıxalarkən ön şüşəsindən heç bir üzlük olmamışdır. Polis əməkdaşları ona qarşı kobud və özbaşınalıqla müşaiyyət olunan hərəkətlər etmişlər. Sonradan o, avtomobilin arxasınca cərimə meydançasına getmiş, orada işə baxan hazırki protokolu tərtib edən polis əməkdaşına qeyd etdikləri barədə danışmış və avtomobilin cərimə meydançasından buraxılmasını xahiş etmişdir. Sonradan onun barəmdə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə protokol tərtib edildiyi və 150 manat məbləğində cərimə olunmağı barədə qərar verildiyi barədə sms gəlmişdir. O, avtomobili götürüb, yenidən yol polisi şöbəsinə getmiş və protokolun surətinin ona təqdim edilməsini xahiş etmişdir. Hesab edir ki, protokol tərtib edilərkən, qanunun tələbləri pozulmuşdur. Bundan başqa İXM-nin 342.2.4-cü maddəsinin tələblərini pozacaq heç bir inzibarti xəta törətməmiş və həmin maddə düzgün təfsir olunmamışdır. Belə ki, avtomobil evakuatora çıxarılarkən avtomobilin ön şüşəsində üzlük olmamışdır. Belə olduğu halda avtomobilim cərimə meydançasına getməməli və işin hallarından məlumatı olmayan polis mayoru protokol tərtib etməməli idi. Protokol avtomobilin yanında tərtib edilməli idi. Polis əməkdaşları ön şüşədə üzlük aşkar etmişlərsə, üzlüyün tündlüyü ölçülməli, onun plyonka olduğu, pərdə olduğu, qadağan olunmuş faizdə olduğu, ön şüşəyə çəkildiyi barədə müayinə aparmalı idi. Protokol tərtib olunarkən, törədilmiş inzibati xətanın mahiyyəti nədən ibarət olduğu protokolda öz əksini tapmamışdır. Sürücü avtomobilin idarə olunmasından o zaman kənarlaşdırılır ki, pozuntunu yerində aradan qaldırılması mümkün olmasın. İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulmuşdur. Qanunun tələbindən görünür ki, avtombilin şüşəsinə icazə verilməyən ötrük çəkildikdə, yəni şüşəyə plyonda və yaxud pərdə yapışdırıldıqda, bərkildildikdə və s. lakin o, arxa şüşə üçün aldığı pərdəni ön şüşəyə yapışdırmamış, bərkitməmişdir. Avtomobildə olmadığı müddətdə gündən qorunması üçün söykəmişdir. Həmin pərdə şurup vasitəsi ilə bərkidilməli olan pərdədir və həmin pərdənin ön tərəfə bərkidilməmişdir.Göründüyü kimi polis əməkdaşları ona qərəzli olaraq, özbaşınalıq edərək, avtomobili cərimə meydançasna aparmış, orada barəsində qanunsuz, əsassız, sübutsuz protokol tərtib etmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. 1 saylı Əlavənin qeydinə əsasən Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgüşüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 09 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar