Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2286/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib orqanın nümayəndəsi Niyazi Abbasovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 14.05.2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.05.2021-ci il tarixdə saat 05:51 radələrində «Dodge Durango minik» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Lakin məhkəmə baxışının nəticəsində Şəxs həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Şəxs izahatında hadisə vaxtı sərxoş olmadığını, alkotesterin nəticəsi ilə razı olmadığını, özünün təyyarə pilotu olduğunu, hadisədən 50 dəqiqə sonra X8 məntəqəsində məcburi yoxlanışdan keçdiyini, yoxlama zamanı sərxoş olmadığı müəyyənləşdirildiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs vəkili X3 izahatında bildirmişdir ki, heç bir inzibati xəta törətmədiyi halda yəni əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması halı olmadan Yol patrul xidməti inspektoru onu qanunsuz olaraq saxlamış daha sonra sərxoş vəziyyətdə olmamasına baxmayaraq şəxsi nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsinə görə əsassız protokol tərtib etmişdir. Şəxs heç bir alkoqol qəbul etmədiyi halda, cihaza nəfəs verdiyində 0.31% səviyyəsində sərxoş olduğu qeyd olunmuşdur. Bu hal cihazın düzgün işləməməsi nəticəsində baş vermişdir. Həmin cihazın metroloji yoxlamadan keçməsi barədə məlumat və ya yoxlama şəhadətnamələri məhkəməyə təqdim edilməlidirlər. Həmin materiallar inzibati xəta haqqında işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün də əhəmiyyətlidir. Beləliklə o, göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Niyazi Abbasov izahat verərək bildirmişdir ki, Şəxs 14.05.2021-ci il tarixdə saat 05:51 radələrində «Dodge Durango minik» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, polis əməkdaşları tərəfindən 14.05.2021-ci il tarixdə saxlanılmış və sərxoşluq vəziyyətini müəyyən etmək üçün alkotester aparatından istifadə edilərək onun 0.31% səviyyəsində sərxoş olduğu müəyyən edilmişdir. Bununlada Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə o, inzibati xətanı törətmiş şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 333.1-ci maddəsi ilə məhkəməyə göndərilmiş materiallarda Şəxs həmin inzibati xətanın törədilməsini təsdiq edən sübutlar kimi: inzibati xəta haqqında yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol və alkotesterin qəbzi olmuşdur. Məhkəmə hesab edir ki, məhkəməyə göndərilmiş həmin sübutlarla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, hər bir sərxoşluq vəziyyəti İXM-in 333.1-ci maddəsinin tərkibini yaratmır. Həmin maddədəki inzibati xəta tərkibi yalnız o vaxt yaranır ki, sərxoş şəxs avtomobili idarə etsin. Çünki İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 25.06.2021-ci il tarixli 3(011)-2286/21 saylı sorğuya cavab məktubundan məlum olur ki, Şəxs yuxarıda göstərilən mərkəzdə 14.05.2021-ci il tarixdə saat 06:58 radələrində sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə nəticəsinin 14.05.2021-ci il tarixdə saat 05:49 radələrində xüsusi texniki vasitə ilə müəyyən edilmiş 0,310 promil alkoqolun konsentrasiyası ilə uyğun olmaması normal haldır. Nəzərə alınmalıdır ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı hər 1 saata 0.20-0.40 promil təmizlənir. Hazırkı iş üzrə avtomobilin Şəxs tərəfindən sərxoş vəziyyətdə idarə olunması mübahisələndirilir. Belə ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə olunmuş, 14 may 2021-ci il tarixdə saat 05:49-da sonuncuda alkoqolun konsentrasiyası 0,310 promill olmuşdur. Heydər Əliyev adına X8 Məntəqəsinin həkimi A.Yunusov tərəfindən verilmiş 14 may 2021-ci il tarixli sərxoşluq halının məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs 14 may 2021-ci il tarixdə saat 06:58-də ayıq olmuşdur. Hər iki nəticə arasında ziddiyət olduğundan, bundan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında alkotesterin düzgün işləmədiyini, həmin alkotesterin metroloji yoxlamadan keçmədiyini, yoxlama şəhadətnaməsinin olmadığını bildirdiyi üçün, həmçinin hadisə vaxtı qeydə alınan videogörüntü də araşdırılmalı olduğundan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə və Bakı şəhəri X9 İdarəsinə 25 iyun 2021-ci il tarixli sorğu məktubları göndərilsə də, həmin sorğular cavablandırılmadan saxlanılmış, bundan əlavə məhkəmə iclasında da protokolu tərtib edən orqanın nümayəndəsi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qanunla tələb edildiyindən, lakin buna əməl edilmədən, yəni şəxsin avtomobili sərxoş halda idarə etməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilməmişdir. Ona görə də şəxs təqsirsiz hesab edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Musayev X4 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2286/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2286/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver