Məhkəmə qərarları › İş №3(011)-2288/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2288/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2288/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ seriyalı ******* nömrəli protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən bəri ağ ciyər vərəmindən əziyyət çəkir, 2020-ci ildə isə xəstəliyi daha da ağırlaşdığından mütəmadi müalicə almağa başlamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona “ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağ ciyərin fibroz-kavernoz vərəmi intoksikasiya mərhələsi, sirrozu, İİ dərəcəli tənəffüs çatmazlığı” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin müddətdə pandemiya olmasına baxmayaraq onun həkimə və tibb müəssisəsinə getmək üçün yaşayış yerini tərk etmək hüququ olmuşdur. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə saat 13:40 radələrində tibb müəssisəsinə gedərək polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində AR İXM-in 211.1-ci maddəsi ilə, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tələblərinin pozulmasına görə barəsində İXP3677498 nömrəli protokol tərtib edilmişdir. Protokol əsasında xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərar əsasında 200 manat məbləğində cərimə edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi, vərəm xəstəsi olduğuna görə müalicəsi ilə əlaqədar müxtəlif tibb müəssisələrində müayinə və müalicə aldığından, eləcə də xəstəliyi yoluxucu olmasa da digər şəxslərə keçə bilmə ehtimalı olduğundan ictimai nəqliyyatdan, avtobusdan istifadə etməmişdir, öz nəqliyyat vasitəsindən istifadə etmişdir. Həmçinin, taksi nəqliyyat vasitəsindən istifadə etməyə də maddi imkanı olmamışdır və bu səbəbdən də öz nəqliyyat vasitəsindən istifadə etmişdir. Lakin, buna baxmayaraq barəsində yenə də inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin müddətdə xəstə olduğundan və əmək qabiliyyətini itirdiyi üçün maddi vəziyyəti ağırlaşmış və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etdirə bilməmişdir. Bu səbəbdən də müxtəlif vaxtlarda barəsində AR İXM-in 469.3-cü maddəsi ilə ("İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) 5 dəfə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra barəsində tərtib edilmiş inzibati cərimələri ödəmək imkanı olmadığından nəqliyyat vasitəsini texniki baxış üçün yoxlama məntəqələrinə aparsa da, nəqliyyat vasitəsinin cərimələrinin olduğunu əsas gətirərək nəqliyyat vasitəsinə texniki baxış keçirilməmişdir. Bunun nəticəsidir ki, barəsində müxtəlif tarixlərdə AR İXM-in 339.1-1-ci maddəsi (nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, barəsində tərtib edilmiş aşağıda qeyd edilən inzibati xəta haqqında protokol üzrə cəriməni ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində tərtib edilmiş EQ seriyalı ******* nömrəli protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib olunduğundan və tərəfindən cərimə borcları maddi vəziyyəti aşağı olduğuna görə ödənilmədiyindən, nəqliyyat vasitəsini dəfələrlə texniki baxışdan keçirtmək istəsə də ona imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2021-ci il tarixində, saat 06:57-də Babək prospekti 28, S.Vəzirov və ya maşın bazarı istiqamətində “Opel Astra H minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 X3 xx.xx.2021-ci il tarixində, saat 06:57-də Babək prospekti 28, S.Vəzirov və ya maşın bazarı istiqamətində “Opel Astra H minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXMnin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati cərimələri ödəmək imkanı olmadığından nəqliyyat vasitəsini texniki baxış üçün yoxlama məntəqələrinə aparsa da, nəqliyyat vasitəsinin cərimələrinin olması əsas gətirilərək nəqliyyat vasitəsinə texniki baxış keçirilmədiyini bildirsə də, qeyd olunan hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas olmadığından, barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmiş və həmin qərar əsaslı olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar