Məhkəmə qərarları › İş №3(011)-23/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-23/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-23/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən hüquqi şəxs “X7” MMC-nin xx.xx.2020-ci il tarixdə, saat 15:09-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktının aşkar edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, onun Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov 28 ünvanında yerləşən “Evimiz” adlı obyektinin üzərində açıq məkanda reklam yerləşdirilməsinə dair icazəsi xx.xx.2019-cu il tarixdən verilmişdir. Bununla bağlı ona yayım haqqının ödənilməsi üçün hesab-faktura və dövlət rüsumunun ödənişi üçün bildiriş təqdim edilmiş, həmin hesab faktura üzrə xidmətdən indiyədək yararlandığı hissə üzrə 24630,47 (iyirmi dörd min altı yüz otuz manat qırx yeddi qəpik) yayım haqqı və hesablanmış 1521,40 (bir min beş yüz iyirmi bir manat qırx qəpik) dövlət rüsumunu ödənilmişdir. Bundan əlavə, həmin açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin xx.xx.2019-cu il tarixdən verilməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə baxış keçirilməklə tərtib olunmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi haqqında elektron portaldan əldə edilmiş çıxarışdan məlum olur ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, VÖEN-i **********-dir; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış yayım haqqının ödənişi üçün hesab-fakturadan görünür ki, “X7” MMC-nin Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən “Evimiz” adlı obyektində açıq məkanda reklam yerləşdirilməsi xidmətindən istifadəyə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə yayım haqqı hesablanmışdır; ödəniş qəbzlərindən görünür ki, “X7” MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə 21.499.47 manat yayım haqqı ödənilmişdir; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, “X7” MMC-nin Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən “Evimiz” adlı obyektində açıq məkanda reklam yerləşdirilməsi xidmətindən istifadəyə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə hesablanmış 1521.40 manat dövlət rüsumu hesablanmışdır; Ödəmə tapşırıqlarından görünür ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin dövlət rüsumunun ödənişi üçün açıq məkanda reklam yerləşdirilməsi xidmətindən istifadəyə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək dövr üzrə hesablanmış 1521.40 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin tarixdə, saat 15:09-da Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən “Evimiz” adlı öbyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi müəyyən edilmiş, bu səbəbdən hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda müxtəlif reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1129-cu məhəllədə yerləşən “Evimiz” adlı obyektinin üzərində açıq məkanda reklam yerləşdirilməsinə dair icazə verilmiş, cəmiyyət tərəfindən 21.499.47 (iyirmi bir min dörd yüz doxsan doqquz manat qırx yeddi qəpik) manat yayım haqqı və hesablanmış 1521.40 (bir min beş yüz iyirmi bir manat qırx qəpik) manat dövlət rüsumunu ödənilmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, müvafiq inzibati xəta hadisəsinin hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən törədilməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata hüquqi şəxs “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar