Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2306/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 16 oktyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 16 oktyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 2019-cu ildən bəri ağ ciyər vərəmindən əziyyət çəkir, 2020-ci ildə isə xəstəliyi daha da ağırlaşdığından mütəmadi müalicə almağa başlamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, hər iki ağ ciyərin fibroz-kavernoz vərəmi intoksikasiya mərhələsi, sirrozu, İİ dərəcəli tənəffüs çatmazlığı diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Vərəm xəstəsi olduğuna görə müalicə əlaqədar müxtəlif tibb müəssisələrində müayinə və müalicə aldığından, eləcə də xəstəliyi yoluxucu olmasa da digər şəxslərə keçə bilmə ehtimalı olduğundan ictimai nəqliyyatdan, avtobusdan istifadə etməmiş, öz nəqliyyat vasitəndən istifadə etmişdir. Həmçinin, taksi nəqliyyat vasitəsindən istifadə etməyə də maddi imkanım olmamış və bu səbəbdən də öz nəqliyyat vasitəndən istifadə etmişdir. Lakin, buna baxmayaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin müddətdə xəstə olduğu və əmək qabiliyyətini itirdiyi üçün maddi vəziyyətnin ağırlaşmış və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etdirə bilməmişdir. Bu səbəbdən də barəsində AR İXM-in 339-1.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə protokol tərtib edilmiş və həmin protokol əsasında inzibatı məsuliyyətə cəlb olunmuşdur. AR İXM-in 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş üzrə qərardan şikayət vermək hüququ vardır. AR İXM-in 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. 128.2 3-cü maddəyə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət verilə bilər. 129.1.3-cü maddəyə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 16 oktyabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 339-cü məddənin qeyd hissəsində şəxs bu Məcəllənin 339.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin 16 oktyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin 16 oktyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2306/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2306/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver