Məhkəmə qərarları › İş №3(011)-2308/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2308/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2308/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 2021-ci ilin iyun ayının 7-dən saat 18 radələrindən, iyun ayının 8-i saat 11 radələrində olan müddətdə X3 məxsus ünvan 2 ünvanda yerləşən ticarət obyektinə çəkilmiş, uzunluğu 65 metr olan, elektrik naqilini gizli yolla oğurlamışdır. Bu barədə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi tərəfindən 10 iyun 2021ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanda elektrik kabelini kəsib oğurlamış və tanımadığı şəxsə 23 manata satmışdır. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur. 10 iyun 2021-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, 2021-ci ilin iyun ayının 7-dən saat 18 radələrindən, iyun ayının 8-i saat 11 radələrində olan müddətdə X3 məxsus ünvan 2 ünvanda yerləşən ticarət obyektinə çəkilmiş, uzunluğu 65 metr olan, elektrik naqilini oğurlayaraq taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. 09 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «09» iyun 2021-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 iyun 2021-ci il tarixdən, saat 21:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar