Məhkəmə qərarları › İş №3(011)-2316/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2316/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2316/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qobustan rayonu, Nabur Ə/D, Nabur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Xətai RPİ-nin DYPŞ-nin inzibati binasına gəlmiş, içəri daxil olduqda, ondan üzərində olan telefonu təhvil verməsini xahiş etmişlər. Lakin o bununla razılaşmamış və buna görə də həmin şəxslə arasında mübahisə yaranmışdır. O əməlindən peşmançılıq çəkdiyini bildirmiş, barəsində olan iş üzrə icraata xitam verilməsini və ya yüngül cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xidməti otağında olarkən günorta saatlarında dəhlizdən yüksən tonla danışıq səsi eşidib otaqdan çıxmışdır. Dəhlizdə Şəxs yüksək səslə danışdığını və orada dayanan mülki şəxsə hədə-qorxu gələrək qeyri-etik ifadələr işlətdiyini görmüşdür. Ona yaxınlaşıb sakitləşməsini və polis əməkdaşlarının iş rejimini pozmamasını tələb etmiş, lakin o, daha da aqressivləşmişdir və onların qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Dəfələrlə ondan sakitləşməsini və inzibati binanı tərk etməsini xahiş etmiş lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymamışdır. Ona yaxınlaşan zaman spirtli içki qəbul etməsi aşkar şəkildə bilinmişdir. Odur ki o, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı saylı protokol tərtib olunduğunu bildirmiş və bu səbəblə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasına gələrək səs-küy salmış və mülki vətəndaşın üstünə hücum çəkmişdir. Sonradan məlum olmuşdur ki, onu telefonla içəri buraxmadıqlarından dava salmış və nalayiq ifadələr işlətməyə başlamışdır. Həmçinin o, sərxoş olmuşdur və öz hərəkətlərini idarə edə bilməmişdir. Hadisə baş verən yerdə müşahidə kamerası olmamışdır, lakin başqa bir vətəndaş tərəfindən Şəxs hərəkətləri telefonla qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasına gəlmiş və ona hücum çəkərək nalayiq ifadələr işlətmişdir. Hadisə vaxtı həmin şəxs sərxoş vəziyyətdə olmuşdur və öz hərəkətlərini idarə edə bilməmişdir. Şəxs dəfələrlə ona nalayiq sözlər işlətmiş, inzibati binada qışqırmış və polis əməkdaşlarını itələyərək tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 29 iyun 2022-ci il tarixli, 1/1350 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə sərxoş olduğu aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Xətai RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, tərəflərin və şahidin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar