Məhkəmə qərarları › İş №3(011)-2324/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2324/2021

15.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2324/2021 15.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X3 iştirakları ilə, xx.xx.1966-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 127, mənzil 27 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş 14 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 iyun 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanda ictimai qaydanı mühafizə edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə nəvəsinin doğum günündə spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş və bu səbəbdən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılarkən polis işçilərinə özünü bilməyərək müqavimət göstərmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmış və etdiyi xətanı etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X6 izahatında göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə, saat 17:20-də radələrində X4 Xətai RPİ-nin 37-ci PŞ-nə müraciəti əsasında Şəxs PŞ-nə gətirilən zaman, PŞ-nin inzibati binasının qarşısında sürücü polis nəfəri, polis serjantı Anar Şirinovun üzərinə gedərək, ona müqavimət göstərmiş və təhqir etmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 iyun 2021-ci il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, 14 iyun 2021ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 iyun 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanda ictimai qaydanı mühafizə edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 14.06.2021-ci il tarixli 2/7857 saylı protokoldan görünür ki, tibbi müayinənin nəticəsinə əsasən Şəxs sərxoş olduğu müəyyən edilmişdir; İnzibati qaydada tutma haqqında 14.06.2021-ci il tarixli 000946 saylı protokoldan görünür ki, Şəxs 14 iyun 2021-ci il tarixdə saat 20:00-da tutulmuşdur; X2 14.06.2021-ci il tarixli izahatından görünür ki, 14 iyun 2021-ci il tarixdə saat 16:50 radələrində iş yerində oturarkən qonşu binadan Alim adlı tanımadığı sakin, oturduğu ofisə sərxoş halda daxil olmuş və ona nalayiq ifadələr işlətmişdir. Polis çağıracağını dedikdə isə ona əl qaldırmağa cəhd etmişdir; X1 14.06.2021-ci il tarixli izahatından görünür ki, 12 ilə yaxındır ki, Xətai rayonu, Babək prospekti 10 ünvanında gözətçi vəzifəsində işləyir. Alim adlı şəxs binanın inzibatçısı Təranə xanımın xidməti otağına daxil olaraq, onunla aqressiv danışıb üzərinə gedən zaman o, həmin şəxsi otaqdan çıxartmışdır. 5-10 dəqiqə sonra polis əməkdaşları gəlmiş və onu sakitləşdirməyə çalışmışlar, lakin o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onlara tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, şahidlərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 14 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 iyun 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanda ictimai qaydanı mühafizə edən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşının tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 14 iyun 2021-ci il tarixdən saat 20:00-da protokol tərtib etmək üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «14» iyun 2021-ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 iyun 2021-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar