Məhkəmə qərarları › İş №3(011)-2335/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2335/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2335/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN №: ******* nömrəli “İnzibati xəta haqqında” Protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs MMC-nin Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsil ilə təqsirli bilinməsi əsası kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələbləri müəyyən olunmuşdur. İlk öncə onu bildirmək istəyirlər ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN №: ******* nömrəli “İnzibati xəta haqqında” Protokolun tərtib edilməsi doğru deyildir, çünki onlardan illik maliyyə hesabatlarını audit rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanlarında dərc etdirilməsi tələb edilməmişdir. Belə ki, Şəxs MMC “Mühasibat uçotu haqqında” Qanun üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyil, ona görə də hesabat təqdim etmək və dərc etmək vəzifəsi yoxdur. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Analoji predmetdə iş öncə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4950/2023 saylı, 28 dekabr 2023-cü il tarixli “Qərarı” ilə həmin işə xitam verilmişdir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 may tarixli 213 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli Qərarında dəyişiklik edilərək “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə “illik gəlir (mln.manat)” sütununda “180,0” rəqəmləri “200,0” rəqəmləri ilə, “Balansın yekun məbləği (mln.manat)” sütununda “450,0” rəqəmləri “500,0” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunmalıdır ki, bu meyarlara görə, indiyədək kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurum hesab olunması üçün təşkilatın illik gəlirliyi 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 450 milyon manat olmalı idi. Təşkilatın ictimai əhəmiyyətli qurum sayılması üçün bu göstəricilərdən azı ikisi olmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin son qərarı ilə isə bu göstəricilər dəyişdirilərək tələb olunan illik gəlir 180 milyon manatdan 200 milyon manata, balans isə 450 milyon manatdan 500 milyon manata qaldırılmışdır. Maliyyə hesabatları və müstəqil auditorun hesabatından görünür ki, Şəxs MMC üzrə 2023-cü il üzrə cəmi gəliri 4.105.497,00 manat, cəmi əməliyyat xərclərindən sonra mənfəət 952.018,00 manat təşkil edir. Əlavə olunan xx.xx.2023-cü il tarixli “Audit Hesabatın”dan “Çıxarışıla da bu məlumatlar sübut olunur. Göstərilən “İnzibati xəta haqqında” Protokol tərtib edilsə də, nəzərə alınmamışdır ki, Şəxs MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 27 may tarixli 213 nömrəli Qərarı üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyildir. Xüsusilə qeyd olunmalıdır ki, inzibati orqan Şəxs MMC-nin illik gəlirinin 200 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayının 1500 nəfər, balansın yekun məbləğinin isə 500 milyon manat olması ilə bağlı hər hansı sənədi də məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC “Mühasibat uçotu haqqında” Qanun üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyil, ona görə də hesabat təqdim etmək və dərc etmək vəzifəsi yoxdur. Əlavə olaraq bildirmişdir ki, Enermech OGP törəmə müəssisəsi Şəxs MMC-nin nəzdinə fəaliyyət göstərən birgə müəssisədir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 24 fevral 2025-ci il tarixli, 3-23/2- 1248/2025 nömrəli bildiriş məktubundan görünür ki, Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 03 mart 2025-ci il tarixdə, saat 11:00-da Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsində baxılacaqdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 03 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Şəxs MMC-nin nəzdinə fəaliyyət göstərən Enermech OGP törəmə müəssisəsi (tək hesabat hazırlamır) konsolidə edilmiş hesabatı olmalıdır. Belə ki, İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114117, 128-130 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar