Məhkəmə qərarları › İş №3(011)-2351/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2351/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2351/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 06 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə yaşadığı evdə ailə daxili mübahisə baş vermiş və o, balta ilə ailə üzvlərinə hücum etmişdir. Bundan sonra barəsində şikayət olduğundan polis əməkdaşları yaşadığı ünvana gələrək onu Polis Bölməsinə dəvət etmişlər, lakin o, sərxoş halda olduğundan öz hərəkətlərini idarə edə bilməmiş və polis əməkdaşlarına müqavimət göstərərək Polis Bölməsinə getməkdən imtina etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 06 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Şəxs yaşadığı ünvanda polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının tələblərinə tabe olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/17712 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İnzibati qaydada tutma haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 06 iyun 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının öz vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və onlara müqavimət göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsinin müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «06» iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «06» iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar