Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2354/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, məhkəmə iclasının katibi Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının derektoru Akan Kozhbanov və tərcüməçi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 30 iyun 2022-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı 235400 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 235400 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının derektoru Akan Kozhbanov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, “İntegra Construction KZ” MMY-in Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli EP ******* saylı protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair iş icraat başlanılmışdır. Mərkəzi Bank tərəfindən Protokolun tərtib edilməsinə səbəb ondan ibarət olmuşdur ki, Filial müəyyən olunmuş məbləğdə (235400.00 ABŞ dolları) xarici valyutanı Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və digər təsdiqedici sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Hesab edirlər ki, Filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata göstərilən səbəblərdən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın yaranması əsası ondan ibarətdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasın. Bu mənada, əgər, müəyyən edilmiş müddətdə mallar idxal edilmişdirsə, işlər görülmüşdürsə, xidmətlər göstərilmişdirsə və ya ödənilmiş valyuta vəsaiti geri qaytarılmışdırsa, inzibati xətanın törədilməsi istisna olunur. Qeyd edirlər ki, Filialın köçürdüyü vəsaitin müqabilində malların ölkəyə idxal edilməsi və ya xidmətlərin göstərilməsi AR MB tərəfindən, ümumiyyətlə araşdırılmamışdır. Malların idxalını, o cümlədən işlərin (xidmətlərin) göstərilməsini təsdiq edən sənədin banka təqdim edilməməsinə gəldikdə isə, bu hal, ümumiyyətlə, inzibati xəta tərkibi yaratmır və buna görə şəxsin (hüquqi/fiziki) inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən, İXM-nin 12ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Filial AR MB (Səlahiyyətli orqan) tərəfindən nə onun barəsində tərtib edilmiş protokolla, nə də digər müvafiq sənədlərlə tanış edilməmişdir. Digər tərəfdən, həmin sənədlər (protokol, qərar və s.) rəsmi qaydada onun səlahiyyətli nümayəndəsinə təqdim olunmamışdır. Belə olan halda, Səlahiyyətli orqan heç bir əsas olmadan, yalnız öz mülahizəsinə əsaslanaraq, Filial barəsində qanunsuz olaraq protokol tərtib etmişdir. Halbuki, İXM-nin 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə, İXM-nin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. İXM-nin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Səlahiyyət orqan tərəfindən, Filial barəsində protokol tərtib edilmişdisə, əvvəlcə, protokol ona təqdim olunmalı (göndərilməli) idi. Buna uyğun olaraq Filialın inzibati icraatda iştirak etmək hüququ var idi. Lakin inzibati xəta haqqında işə baxılmanın yeri, vaxtı barədə Filiala məlumat (bildiriş) verilməmiş, nəticədə Filial İXM-nin 52-ci və 61.1-ci maddəsində ifadə olunan bütün prosessual hüquqlarından (izahat, vəsatət və etirazlar vermək, sübutlar təqdim etmək və s.) məhrum olmuşdur. Beləliklə, X5 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında Protokol tərtib edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin AR MB-nin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bu isə Protokolun ləğv edilməsinə və Filial barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə birbaşa əsas yaratmışdır. 2020-ci ilin əvvəlindən bütün dünyada başlamış pandemiya ( COVİD-19) bütün kommersiya subyektlərinin fəaliyyətində ağır çətinliklər yaratmışdır, ağır maliyyə vəziyyəti yaratmışdır. İş materiallarından da göründüyü kimi, pul vəsaiti alqı-satqı müqaviləsi üzrə icraçının (satıcının) xaricdə olan bank hesabına xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. Lakin, dünyada yaranmış pandemiya vəziyyəti icraçının müqavilə üzrə öhdəliklərini obyektiv səbəbdən icra etməməsi ilə nəticələnmişdir və icraçı (satıcı) öhdəliklərini vaxtında icra edə bilməməsi barədə Filialı qabaqcadan rəsmi qaydada məlumatlandırmışdır. Dolayısı ilə, Filial da sifariş etdiyi malları müqavilə üzrə müəyyən edilmiş vaxtda əldə edə bilməmişdir. Sonradan, Filial və icraçı (satıcı) qarşılıqlı razılaşma əsasında icraçının (satıcının) müqavilə üzrə öhdəliklərini üçüncü şəxsə ötürülməsi barədə müqavilə bağlamışlar. Bunan səbəb, qarşı tərəfin iradəsindən kənar baş vermiş hallardan (COVİD-19 pandemiyası) öhdəliklərini icra edə bilməməsidir. Göründüyü kimi, Filial yaranmış vəziyyətin qanunvericiliyə uyğun formada həll olunması üçün bütün mümkün vasitələrdən istifadə etmişdir. Lakin, Filialın iradəsindən kənar qaydada baş vermiş hallara görə mallar Azərbaycan Respublikasının ərazisinə müəyyən edilmiş vaxtda gətirilə bilməmişdir. İXMnin 2.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd etmək istərdi ki, müqavilə üzrə mallar artıq Azərbaycan Respublikasının ərazisinə idxal edilmiş və idxal bəyannaməsi alınmışdır. Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.1. bəndinə əsasən, ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesabfaktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X2 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Məlumat üçün qeyd etmək istərdi ki, Filial hal-hazırda sifarişçisi Azərbaycan Dəmir Yolları QSC olan mühüm dövlət əhəmiyyətli “Yalama-Rusiya Federsiyası sərhədi, Sumqayıt Dəmir Yol xətti LOT 1 və LOT 2” layihəsinin baş podratçısıdır. AR MB-in qanunvericiliyin tələblərini pozaraq tətib edilmiş protokol əsasında Filialın inzibati məsuliyyətə cəlb olunması COVİD-19 pandemiyasından sonra yaranmış neqativ vəziyyətdən əziyyət çəkən Filialın iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər və bu da öz növbəsində qeyd edilən mühüm dövlət əhəmiyyətli layihənin icrasında çətinliklər yaradar, yüzlərlə iş yerinin ixtisarı ilə nəticələnə bilər. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyun 2020-ci il tarixli köçürmə ərizəsinin surətindən görünür ki, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı tərəfindən 235400 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 24 iyun 2020-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 22 iyun 2022-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 il keçməsinə baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Hüquq departamentinin direktorunun müavini Elnur Allahverdiyev tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 30 iyun 2022ci il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı 235400 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 235400 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli Qısa idxal bəyannaməsindən görünür ki, 235400 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (dəmiryolu reysləri) öklə ərazisinə daxil olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən Şəxs-nin Azərbaycan Respublikasindaki Filialına ünvanlamış olan məktubun surətindən görünür ki, yüksək səviyyədə yoluxma ilə əlaqədar, yerli hökümətimiz bütün yüksək çirkləndirici zavodların (o cümlədən polad istehsalı zavodu, kərpic istehsalı zavodu və kimya zavodu və.s) istehsalı dərhal dayandırmaları əmr edilmişdir. İstehsalı həyata keçirə bilmədikləri səbəbindən ilkin ödəniş geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs-nin Azərbaycan Respublikasindaki Filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 235400 ABŞ dolları məbləğində mallar ölkə ərazisinə gəlmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının 235400 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 24 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra ölkə ərazisinə qaytarılmasının müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin Azərbaycan Respublikasindaki Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2354/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2354/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver