Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2354/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkında ünvansız nalayiq sözlər istifadə edərək ictimai qaydanı pozmuş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddərində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Sevgililər” parkında nalayiq ifadələr səsləndirdiyindən polis əməkdaşı ona yaxınlaşaraq hərəkətlərinin qanunsuz olduğunu, küçədə söyüş söyməməli olduğunu izah etmişlər. O, isə onlara tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək ona yüngül cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat 19:25 radələrində inzibati ərazidə xidmətdə olan zaman Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkının qarşısında bir nəfər şəxsin telefonla danışarkən ünvansız nalayiq sözlər istifadə etdiyini görüb həmin şəxsə yaxınlaşmış və özünün təqdim edərək onu nizam intizama dəvət etmişdir. Lakin o, onun qanuni tələblərinə məhəl qoymayaraq onunla mübahisə etmiş və onun ünvanına nalayiq sözlər ifadə edərək onu təhqir etmişdir. Bundan sonra o, məcburi qaydada Polis Şöbəsinə aparılmışdır. Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: inzibati qaydada tutma haqqında 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:40-da tutulmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 07 iyun 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkında ünvansız nalayiq sözlər istifadə edərək ictimai qaydanı pozmuş və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, tərəflərin və şahidin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 19:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2354/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2354/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver