Məhkəmə qərarları › İş №3(011)-236/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-236/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-236/2022 14.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında MN ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında MN ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dövlətimizin mənafeyini qorumaq məqsədi ilə, o cümlədən ölkə rəhbərimizin respublikamızın inkişafı ilə əlaqədar apardığı siyasətin tərəfdarı olmaqla müəssələrində iş fəaliyyəti zamanı sağlam ətraf mühitin qorunmasına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş tapşırığa əsasən “Mirvari Plaza” şadlıq sarayının mətbəxində quraşdırılmış manqalın üzərində atmosferə atılan zərərli maddələrin qarşısını almaq məqsədi ilə onlar tərəfidən müasir standartlaşdırılmaların tələbinə cavab verən qurğu quraşdırılmışdı.Həmin qurğunun daxilində olan çirklənmiş maddələrin tutulması üçün qoyulmuş fıltir vaxtaşıtı müqavilə əsasında yuyularaq yerinə qoyulur və nəzarətdə saxlanılır. Qeyd olunanları nəzərə alaraq sonuncu dəfə 22 oktyabr 2021-ci il tarixində filtir yuyulmuşdur. Atmosferə atılan zərərli maddələrin qarşısını alaraq, iş prossesi davam etdirilmişdir. Lakin 26 oktyabr 2021-ci il tarixinda onların iştirakı olmadan şadlıq sarayında ölçmə işləri aparılması ilə əlaqədar bildiriş verilmişdir. Bir tərəfli qaydada araşdırma aparılmışdır. (ölçmə sənədləri onlara təqdim olunmuşdur). Sənədləşmə işləri aparılmış və onlarla razılaşmadan protokol tətbiq olunaraq, məktub vasitəsi ilə onun ünvanına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək və şikayətə əlavə barədə dəqiqləşdirmə apararaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında MN ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən “Mirvari” şadlıq evində ətraf mühitə atılan zərəli maddələrin miqdarı normadan artıq olduğundan 26 noyabr 2021ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Həmin inzibati protokol əsasında X3 barəsində 22 dekabr 2021-ci il tarixdə MN MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tam əsaslı və qanuni olduğundan, X3 nın şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu, Ramiz Quliyev küçəsi 3 ünvanında yerləşən “Mirvari” şadlıq evində manqal borusundan atmosferə ətraf mühitə atılan zərərli maddələrin miqdarı normadan artıq olmuş olmuşdur. Nəticədə, hüquqi şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2021-ci il tarixli, MN MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlamış olan 29 noyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı xx.xx.2021-ci il tarixdə saat 10:00-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlmələri xahiş olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlamış olan 29 noyabr 2021-ci il tarixli məktubun surəti xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından göründüyü kimi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, X1 iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında MN ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında MN ******* nömrəli, 22 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar