Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2362/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlu, X2 DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 09 iyun 2023-cü il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, buraxılmış müddətin bərpa olunmasına dair vəsatət verərək, DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət verilməsi üçün nəzərdə tutulan buraxılmış müddətin bərpa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X3 tərəfindən verilmiş şikayət təmin edilmiş və DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(011)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmışdır. X3 vəsatətini onunla əsaslandırmışdır ki, DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərarından məlumatsız olmuşdur. Belə ki, sözügedən qərarın icrası ilə bağlı onun 2023-cü ilin may ayında icra məmurunun çağırışı nəticəsində onun həmin qərarın mövcudluğuna dair məlumatı olmuşdur. Odur ki, qərarı gec qəbul etdiyindən məhkəməyə yalnız xx.xx.2023-ci il tarixdə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materialını nəzərdən keçirərək hesab edirəm ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Məhkəmə hesab edir ki, DƏMX-nin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 09 avqust 2022-ci il tarixli, MN ******* nömrəli qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə əlaqədar X3 tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Ona görə də müddətin bərpasına dair X3 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddəti müəyyən edilmiş, habelə buraxılmış müddətin bərpa olunmasının mümkünlüyü nəzərdə tutulmuşdur. X4 Məcəlləsinin həmin maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxıldığı hallarda həmin qərardan verilən şikayətin (protestin) mümkünlüyünün yoxlanılmasına dair prosessual qaydaları təfsilatı ilə müəyyən etməmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması və s.) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 386.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130 və Azərbaycan Respublikasının CPM-nin 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 09 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2362/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2362/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver