Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2365/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X6 İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş EQ 14757972 saylı inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş EQ14757972 saylı inzibati tənbeh vermə haqqında qərarın qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparılmadığına görə ləğv edilməsi və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə işi ilə əlaqədar olaraq Bakı şəhəri, Məhəmməd Hadi küçəsində özü içərisində olmaq şərti ilə özünə məxsus “Hyundai İ30” markalı, 99UN461 dövlət qeydiyyat nişanlı avtomobili park etmiş və avtomobili qətiyyən tərk etməmişdir. Təxminən 10 dəqiqə sonra isə ərazini tərk edərək getmişdir. Daha sonra elə həmin tarixdə ona “SMS RADAR” elektron sistemi vasitəsilə məlumat verilmişdir ki, barəsində “DİN” tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə ehtimal olunan inzibati xəta pozuntusu qeydiyyata alınmış və EQ14757972 saylı Protokol və onun əsasında tərtib edilmiş EQ14757972 saylı “İnzibati tənbeh vermə haqqında” Qərarla 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Ona təqdim edilən məlumatlar əsasında elə həmin tarixdə “DİN”-nə müraciət etmiş və EQ 14757972 saylı “inzibati tənbeh vermə haqqında” Qərarı əldə etmişdir. Müvafiq Qərarda da, qeyd olunmuşdur ki, o, həqiqətən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edir ki, aşağıda qeyd etdiyi hüquq normalarına əsasən, barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” Protokol və onun əsasında tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi, müvafiq inzibati xəta üzrə icraat zamanı təqsirliliyin sübuta yetirilməsində qanuna zidd əldə edilmiş sübutlardan istifadə edilmişdir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Bakı şəhər X6 İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın əsassız olması nəzərə alınaraq ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin o, qeyd etmişdir ki, həmin tarixdə dayanma və durma qaydaları tərəfindən pozulmamışdır, lakin barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 may 2023-cü il tarixdə qəbul edilmiş elektron qərarından görünür ki, X2 xx.xx.2023-cü il tarixində saat 11:18-də “Hyundai İ30 minik” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 (iyirmi) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; iş materiallarında olan fotoşəkillərdən görünür ki, “Hyundai İ30 minik” markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dayanma və ya durma qaydalarını pozaraq yolun hərəkət hissəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zamanı təqdim edilmiş fotoşəkil və inzibati tənbeh vermə haqqında elektron qərarla təsdiq olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixində saat 11:18-də “Hyundai İ30 minik” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta hadisəsini təsdiq edən fotoşəkillərdən göründüyü kimi sürücü “Hyundai İ30 minik” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsində saxlamış, bununla da dayanma və durma qaydalarını pozmuş və digər sürücülərin hərəkəti üçün maneə yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı X2 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmiş, həmçinin iş materiallarına əlavə olunmuş fotoşəkillərlə də X2 dayanma və ya durma qaydalarını pozması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər X6 İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər X6 İdarəsi tərəfindən 29 may 2023-cü il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2365/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2365/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver