Məhkəmə qərarları › İş №3(011)-2374/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2374/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2374/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2023-cü il tarixli, 00800/01300 saylı X6 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə dəvət edilmişdir. Həmin şöbənin icra məmuru 27 yanvar 2025-ci il tarixdə ona özünün xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarını və icraata başlamaq haqqında qərarın qəbul edilməsinə əsas olmuş 27 noyabr 2023-cü il tarixli, 00800/01300 saylı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X3 inzibati tənbeh vermə haqqında qərarını təqdim etmişdir. Həmin inzibati təhbeh vermə haqqında qərarda göstərilmişdir ki, guya o, bəyan etmədən 27 sentyabr 2023-cü il tarixdə Abu-Dabi-Bakı aviareysi ilə ölkə ərazisinə 1 ədəd “İphone 15 Pro max” markalı, 256 yaddaş tutumlu mobil telefonu üzərində gətirərək bəyan etməmişdir. Halbuki, həmin telefonu bəyan edilməsi üçün gömrük əməkdaşına yaxınlaşsa da, gömrük əməkdaşı öz vəzifəsini yerinə yetirib 800 ABŞ dolları məbləğində azad olma ilə bəyannamə yazmamış və o, onların bu hərəkətlərindən şikayət etdiyinə görə onun barəsində xəbəri olmadan protokol tərtib edilmiş və inzibati tənbeh vermə qərarı qəbul edilmişdir. Gömrük əməkdaşları həmin telefonu bəyan etmədiklərinə görə növbəti dəfə ölkədən çıxarkən həmin telefonu ölkədən çıxarmış və aldığı ölkədə mağazaya təhvil vermişdir. Belə ki, “İphone 15 Pro max” markalı, 256 yaddaş tutumlu **********50662/**********0547 İMEİ kodlu mobil telefon mənim adıma deyildir. **********50662/**********0547 İMEİ kodlu mobil telefonunun kimin adına qeydiyyata alınması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərilsə müəyyən ediləcək ki, ya belə bir telefon ümumiyyətlə yoxdur, ya da belə bir telefon başqa şəxs tərəfindən bəyan edilmiş və onun Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilmişdir. Aşağıda göstərilənlərə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 27 noyabr 2023-cü il tarixli, 00800/01300 saylı tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, qərarda göstərilməmişdir ki, o, bəyan etməmişsə onlar bunu hansı üsulla müəyyən ediblər və onun şikayətlərindən sonra qərarı qanunsuz olaraq qəbul ediblər. Qeyd edilməlidir ki, istənilən şəxsin ölkəyə gətirdiyi mal 800 ABŞ dollarında gömrük ödənişlərindən azaddır. Lakin, hazırkı işdə nədənsə 800 ABŞ Dolları məbləğində azad olmanı qərar qəbul edən orqan tətbiq etməmişdir. Qeyd edilməlidir ki, həmin telefon tərəfindən ölkədən çıxarılmış və mağazaya təhvil verilmişdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərilsə müəyyən ediləcək ki, ya belə bir telefon ümumiyyətlə yoxdur, ya da belə bir telefon başqa şəxs tərəfindən bəyan edilmiş və onun Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilmişdir. Başqası tərəfindən bəyan edilmiş telefon isə onun adın yazıla bilməz. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini və barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin vaxt həmin telefonun bəyan edilməsi üçün gömrük əməkdaşına yaxınlaşsa da, gömrük əməkdaşı öz vəzifəsini yerinə yetirib 800 ABŞ dolları məbləğində azad olma ilə bəyannamə yazmamış və o, onların bu hərəkətlərindən şikayət etdiyinə görə onun barəsində xəbəri olmadan protokol tərtib edilmiş və inzibati tənbeh vermə qərarı qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X7 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, 00800/01300 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işə baxılarkən müəyyən edilmişdir ki, DGK Daxili Təhlükəsizlik İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-33-3100/1-029602/2023 nömrəli məktub daxil olmuş və məktubda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, ev 103-də yasayan X5 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 02 oktyabr 2023-cü il tarixli, 3- 33/1-M-003748/7-10/2023 qeydiyyat nömrəsi ilə daxil olmuş 02 oktyabr 2023-cü il tarixli müraciəti ilə bağlı aparılan araşdırma zamanı sonuncunun 10 oktyabr 2023-cü il tarixdə verdiyi izahat əsasında müəyyən edilmişdir ki, Vüsal Mərdanov 27 sentvabr 2023-cü il tarixdə Əbu-Dabi-Bakı aviareysi ilə ölkə ərazisinə gətirdiyi 1 (bir) ədəd “İphone 15 Pro Max” markalı, 256 GB yaddaş tutumlu, **********50662/**********50547 İMEİ kodlu mobil telefonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il, tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsalat, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinin tələbini pozaraq gömrük orqanına yazılı şəkildə bəyan etməmişdir. Faktla bağlı HNBGİ Təhqiqat Şöbəsində araşdırma başlanılmış, X4 gömrük orqanına bəyan etmədiyi “İphone 15 Pro Max 256 GB” markalı mobil telefonun dəyərinin müəyyən olunması üçün gömrük dəyərləndirilməsi şöbəsinə müraciət olunmuş və cavabında həmin mobil telefonun dəyəri 2198.1 manat kimi müəyyən olunmuşdur. Bununla da, X4 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin əlli faizi miqdarında, yəni 1099.05 məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, X8 27 sentyabr 2023-cü il tarixdə mobil telefonun bəyan edilməsi ilə bağlı hər hansı şəxsə yaxınlaşmamış, ona bəyan edilmə ilə bağlı imtina verilməmiş, eyni zamanda sonuncu tərəfindən qeyd olunan məsələ ilə əlaqədar olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 134.1.1-ci maddəsinə əsasən hakim İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. 137.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 27 sentvabr 2023-cü il tarixdə Əbu-Dabi-Bakı aviareysi ilə ölkə ərazisinə gətirdiyi 1 (bir) ədəd “İphone 15 Pro Max” markalı, 256 GB yaddaş tutumlu, **********50662/**********50547 İMEİ kodlu mobil telefonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il, tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsalat, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinin tələbini pozaraq gömrük orqanına yazılı şəkildə bəyan etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin əlli faizi miqdarında, yəni 1099.05 məbləğində cərimə tətbiq edilmişdir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında həmin vaxt həmin telefonun bəyan edilməsi üçün gömrük əməkdaşına yaxınlaşsa da, gömrük əməkdaşının öz vəzifəsini yerinə yetirib 800 ABŞ dolları məbləğində azad olma ilə bəyannamə yazmadığını və, onların bu hərəkətlərindən şikayət etdiyinə görə onun barəsində xəbəri olmadan protokol tərtib edilməklə əsassız olaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul edildiyini, barəsində inzibati tənbeh vermə haqqında qərara qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən şikayətçinin ərizəsində qeyd etdiyi xüsusatların aydınlaşdırılması məqsədilə onun “İphone 15 Pro Max” markalı mobil telefonun bəyan edilməsi ilə bağlı hər hansı şəxsə yaxınlaşması, ona bəyan edilmə ilə bağlı imtinanın verilib-verilməməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə şikayətlə müraciət edib-etməməsinə dair məlumatların məhkəməyə təqdim olunması üçün səlahiyyətli orqana sorğu məktubu göndərilmişdir. Həmin sorğuya daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, X8 27 sentyabr 2023-cü il tarixdə mobil telefonun bəyan edilməsi ilə bağlı hər hansı şəxsə yaxınlaşmamış, ona bəyan edilmə ilə bağlı imtina verilməmiş, eyni zamanda sonuncu tərəfindən qeyd olunan məsələ ilə əlaqədar olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə şikayət daxil olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 00800/01300 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar