Məhkəmə qərarları › İş №3(011)-2376/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2376/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2376/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26334210 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ 26334210 nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 77RQ775 qeydiyyat nişanlı, “Hyundai Sonata (minik)” markalı, sedan tipli avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə, saat 13:40-da Xətai rayonu ərazisi, Əhmədli kəndinin girişində nizamlanmayan piyada keçidinin üzərində avtomobilini idarə edərkən elektron kamera vasitəsilə qeydiyyata alınmış və "piyadaya yol vermədiyinə görə" İXM 330.0.1-ci maddəsinə əsasən barəsində EQ 26334210 nömrəli protokol tərtib edilmişdir. Həmin elektron protokolda yazılır ki, o, piyadaya yol verməmiş, lakin şəkildən görünür ki, o, piyada zolaqlarına daxil olarkən piyada ilə onun arasında beş zolaq, zolaqları tərk edərkən iki zolaqdan artıq məsafə var idi. Yol hərəkəti haqqında qanunda yol vermək anlayışı verilib: Maddə 1. Bənd 41) yol vermək-sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Onun məsələsində qanunun bu maddəsini pozan hal olmamışdır. Heçkim ona görə qəflətən yolunu və sürətini dəyişməmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26334210 saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26334210 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixində, saat 13:40-da Əhmədli kəndinin girişində “X6 minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxs piyada keçidi ilə yolu keçir və yolun sağ və sol tərəfində piyada keçidinin olmasını göstərən 5.16.1 və 5.16.2 yol nişanları quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 13:40-da Əhmədli kəndinin girişində “X6 minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi izahatında piyadaya yol vermədiyini, lakin şəkildən də göründüyü kimi o, piyada zolaqlarına daxil olarkən piyada ilə onun arasında beş zolaq, zolaqları tərk edərkən iki zolaqdan artıq məsafə olduğunu, buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Əhmədli kəndinin girişində yolun sağ və sol tərəfində piyada keçidinin olmasını göstərən 5.16.1 və 5.16.2 yol nişanlarının quraşdırılmasına baxmayaraq X5 xx.xx.2025-ci il tarixində “X6 minik” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 26334210 saylı inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar