Məhkəmə qərarları › İş №3(011)-2385/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2385/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2385/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Teymur Ağamirovun 15 aprel 2023-cü il tarixli qərardan və həmin qərara əsasən tərtib edilmiş 26 may 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixdə Xətai rayonu, Zığ şossesi ilə Nargilə dairəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sürücü F.Dadaşova xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 27 mart 2023-cü il tarixdə saat 05:20 radələrində idarə etdiyi “Baku Bus” şirkətinə məxsus “BMC” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı avtobusla Xətai rayonu, Zığ şossesi ilə Nargilə dairəsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan “OPEL ASTRA” minik markalı **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşma baş vermiş yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Teymur Ağamirovun 15 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin 321 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X1 bədəni üzərində boyun nahiyyəsinin şişkinlik və hərəkət məhdudluğu ilə müşayiət olunmuş əzələ bağ aparatının gərilməsi müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törədilmişdir, xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 26 may 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2023-cü il tarixdə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar