Məhkəmə qərarları › İş №3(011)-2385/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2385/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2385/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin 29 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasın qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin 29 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasın qəbul edilmiş inzibati tənbeh vermə haqqında 22 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında daimi qeydiyyatdadır və orada yaşayır. İdarə eydiyi **-LY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində mobil telefonuna +994-77-506-52-44 nömrəli telefondan idarə etdiyi avtomobillə bağlı inzibati icraatın başlanıldığını və onun icraatda iştirakı üçün Bakı şəhər X5 İdarəsinin 106-cı otağına yaxınlaşmağı üçün mesaj göndərilmişdir. Ona mesaj göndərilən nömrəyə zəng etdikdə isə, polis əməkdaşı onun xx.xx.2024-cü il tarixində yol hərəkəti qaydasını pozduğunu və şəkil və ya video sübut görmək üçün polis idarəsinə növbəti 2 gün ərzində yaxınlaşması bildirilmişdir. Növbəti zəng xx.xx.2024-cü il tarixində yol polis idarəsinə yaxınlaşıb-yaxınlaşmayacağını dəqiqləşdirmək üçün olmuşdur. Zəng edən polis əməkdaşına Yol Polis İdarəsinə gedə bilməyəcəyini bildirdikdən sonra elə həmin gün İXP ******* nömrəli qərarsız protokolun tərtib edildiyi ilə bağlı elektron kabinetdə bildiriş qəbul etmişdir. İXM-nin 38.6-cı bəndini (bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya videomateriallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz) əsas tutaraq protokoldan şikayət etmişdir. Şikayətdən bir neçə gün sonra digər bir polis əməkdaşı tərəfindən şikayətinin əsassız olması və cəriməni ödəməli olmağı ilə bağlı digər bir zəng almışdır. Bu qərarla razı olmadığını bildirsə də, xx.xx.2024-cü il tarixində qərarın verilməsi haqqında yeni bildiriş almışdır. Bildiriş elektron kabinetə heç bir şəkil və videosuz yerləşdirilmişdir. Burada İXM-nın 122-ci maddəsi yəni – “inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası” pozulmuşdur. Eləcə də İXM-in 38.6-cı maddəsində qeyd olunduğu kimi “inzibati xətanın 1 gün ərzində elektron kabinetə yerləşdirilmədiyi təqdirdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz”. Verilmiş qərarda protokolun yol hərəkəti qaydasının pozulması iddia olunduğu tarixdən 12 gün sonra tərtib olunmuşdur və elektron kabinetə heç bir şəkil və ya video əlavə olunmamışdır. Odur ki, bu sadalanan məsələləri nəzərə alaraq, qərara yenidən baxılmasını və ədalətli qərarın verilməsini xahiş etmişdir. Əgər həqiqətən verilmiş qərar qanuna uyğundursa, o inzibatri məsuliyyət daşımağa və cəriməni ödəməyə hazırdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 22 may 2024-cü il tarixdə qəbul olunmuş TP ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X4 İdarəsinin 22 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X4 İdarəsinin 22 may 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar