Məhkəmə qərarları › İş №3(011)-2387/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2387/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2387/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 03 mart 2025-ci il tarixli TP ******* nömrəli elektron qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 03 mart 2025-ci il tarixli TP ******* nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, özünə məxsus **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Məhəməd Hadi küçəsi 131 C hərəkət edərkən avtobus xətinin icazə verilən yerindən sağa dönmə əməliyyatı edərkən qarşısında menə olduğu üçün avtomobili cüzi arxaya verib çıxmaq istədikdə YPX-nin əməkdaşları ona saxla əmiri vermiş, avtobus zolağında avtomobilini park etdiyini bildirirək protokol tərtib etmişlər. O, polis əməkdaşlarına avtobus zolağında avtomobilini park etmədiyini bildirsədə onun sözünə məhəl qoymayaraq protokol tərtib etmişlər. O, bundan sonra “102” qaynar xəttini zəng edərək şikayətini bildirmiş, onlar tezliklə əlaqə saxlayacaqlarını bildirmişlər. O, onlardan heç bir məlumat verilmədiyi üçün “902” qaynar xəttinə zəng edərək onlara bu haqda məlumat vermişdir. Onlar ona Bakı şəhəri DYPİ yaxınlaşmasını bildirdilər. Səhəri gün idarəyə getmişdir. İdarədə ona video görüntünü göstərmişlər. Həmin video görüntüdə onun qayda pozmadığı aydın görünürdü. Ona araşadırılıb məlumat veriləcəyi bildirilsədə bu günə kimi onun şikayətinə baxan olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, X2 barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, avtobus zolağında avtomobilini park etməmişdir. Həmin zolağa icazə verilən yerdən keçmiş, maneə olduğu üçün bir qədər arxaya sürmüşdür. Orada parklanma etmək fikri olmamışdır. Bunu həmin yerin videogörüntüsü ilə də görmək olar. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, 12 fevral 2025-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 100 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.8-ci maddəsinə əsasən, 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 12 fevral 2025ci il tarixdə “KHAZAR SD” minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 3846.8. 5.9, 5.10.1-5.10.3 yol nişanlarının tələbini pozduğuna görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X3 izahatında bildirmişdir ki, o, avtobus zolağında avtomobilini park etməmiş, sadəcə qarşıda maneə olduğu üçün geriyə dönmə əməliyatı edərkən polis əməkdaşları onun avtomobilinin arxasında avtomobilərini saxlayaraq onun çıxmasına imkan verməmişlər. Bundan başqa DYPİ-də ona göstərdikləri video görüntüdə onun qayda pozmadığı aydın görünürdü. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli qərarda göstərilən inzibati xətanın X3 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən qeyd edilmiş halların yenidən araşdırılmasına zərurət yarandığından şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 03 mart 2025-ci il tarixli TP ******* nömrəli elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 03 mart 2025-ci il tarixli TP ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar