Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2388/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında barəsində başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2743/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən X5 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildə, saat 17:30 radələrində ona məxsus olan "Hyundai" markalı, "İX 35" modelli, ** UY *** qeydiyyat nişanlı avtomobili "AMAY" Ticarət mərkəzinin sol istiqamətində "Park Azure" yaşayış kompleksi istiqamətində digər qaydalara əməl etməklə idarə edirdi. Həmin vaxtı YPX-nin inspektorunun ona saxlamağı barədə işarə verdiyini görmüşdür. Daha sonra YPX-nin inspektoru özünü ona təqdim etmədən və hansı yol hərəkəti qaydasını pozmağı barədə ona məlumat vermədən, bununla da qanunvericiliyin müvafiq tələblərini pozmaqla ondan sənədlərini istəmişdir. O, ona sual etdikdə ki nə baş verib? Yalnız bundan sonra o, ona "yol hərəkəti qaydasını pozmusan" deyə cavab vermişdir. Bu zaman o isə ona belə bir halın baş verməsinin mümkün olmamasını bildirmiş, daha sonra isə bununla bağlı hər hansı sübutun onda olub-olmamasını soruşduqda o, ona bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmiş, daha sonra ona bildirmişdir ki, "cərimə barədə məlumat gəldikdə sizə bununla bağlı ətraflı məlumat veriləcəkdir". Etiraz etməyinə baxmayaraq YPX inspektoru barəsində dərhal qərar qəbul edərək onun təqsirli olmağı qənaətinə gəlmişdir. Həmin “Qərar”la razı olmamağı və ondan məhkəmə qaydasında şikayət edəcəyi barədə ona məlumat vermişdir. Barəsində tətbiq edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli Qərar tam əsassız və qanunsuz olduğu üçün "18" mart 2024-cü il tarixdə qeyd olunan Qərardan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə "Şikayət" vermişdir. Lakin məhkəmə qərarın özü şikayətə əlavə olunmadığı üçün şikayətini geri qaytarmışdır. Bununla bağlı o, 01 saylı, xx.xx.2024-cü il tarixli Ərizə ilə AR DİN-nin BBPİ DYPİ-nə müraciət etmişdir. Müraciətə dair xəbərnamə də əlavə olunur. Lakin həmin idarə 25 gündən artıq müddət keçməsinə baxmayaraq, hüquqlarını müdafiə edə bilməyi üçün onun sorğusunu cavablandırmamış və həmin qərarın özünü ona göndərməmişdir. Buna görə 902 qaynar xətlə əlaqə saxladıqda ona bildirilmişdir ki, "vaxt itkisinə yol verilməməsi üçün Bakı şəhərinin istənilən rayonu üzrə DYPİ-dən yaxınlaşmaqla həmin Qərarı əldə edə bilərsiniz". O da bu qaydaya əməl edərək 24 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov DYPİ-nə şəxsən gedərək oradan Bakı şəhər DYPİ-nin "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli "Qərarı" əldə etmiş və nəhayət ki, həmin Qərardan "Şikayəti" hazırda məhkəməyə göndərə bilməyə nail olmuşdur. Qeyd olunanlara əsasən, Bakı şəhər DYPİ-nin "İnzibati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli "Qərarı" məhz 24 may 2024-cü il tarixdə əldə etdiyindən və həmin Qərardan qanunla müəyyən olunmuş 10 gün müddətində şikayət vermək hüququna malik olduğundan hazırda həmin Qərardan məhkəməyə yenidən "Şikayət" verir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli qərar pozuntu ilə qəbul edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, səlahiyyətli orqana ünvanladığı şikayət ərizələrinə cavab verilməmiş və hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 17:37-də Akad. İzzət Orucova 4 ünvanında “Hyundai İX-35 minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydaları pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin Müşayiət-Eskort Bölüyü YPX inspektoru, polis kiçik serjantı X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixində, saat 17:37-də Akad. İzzət Orucova 4 ünvanında “Hyundai İX-35 minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, səlahiyyətli orqana ünvanladığı şikayət ərizələrinə cavab verilməmiş və hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X3 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2388/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2388/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver