Məhkəmə qərarları › İş №3(011)-239/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-239/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-239/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayət verən şəxs - X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 22 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 22 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 327.4-cü maddəsinə əsasən "İXP 5957099" nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol barədə SMS məlumat xx.xx.2024-cü il tarixində ona çatdırılmışdır. Daha sonra, onun barəsində tərtib olunmuş protokolla tanış olması üçün "Asan Ödəniş" sisteminin (www.asanpay.az) saytındakı şəxsi elektron kabinetinə daxil olduqda "ətraflı" bölməsində protokol barədə hər hansı məlumat aşkar edilməmişdir. Əslində bunun mövcud olmaması onu çox da təcbüləndirmədi, belə ki, protokolun tərtib edildiyi tarixdən bir gün əvvəl xx.xx.2024-cü il tarixdə saat 12:48-də və təkrarən xx.xx.2024-cü il tarixdə saat 11:37-də özünü X5 İdarəsinin leytenantı Məmmədov kimi təqdim edən şəxs onun xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yol hərəkəti qaydalarını pozduğunu və bunu həmin ərazidə yerəşən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi ilə aşkarladığını və bunu araşdırmaq üçün onun Bakı şəhər Baş X5 İdarəsinə gəlməyinin zəruri olduğunu bildirmişdi. O da cavabında İXM-in 121-ci (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi) maddəsinə əsasən onu bununla bağlı dövlət orqanına çağırmasının qanuna zidd olduğunu və törətdiyini iddia etdiyi pozuntunun 20 gün əvvəl baş verdiyini və İXM-in 122.1-ci maddəsinə əsasən digər maddələrlə yanaşı 327.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətanın foto və ya video qeydiyyat funskiyasına malik xüsusi texniki avadanlıq vasitəsilə qeydiyyatı zamanı İXM-də xüsusi qaydanın (protokolun real vaxt rejimində tərtib edilməsi) mövcud olduğunu bildirsə də, həmin polis nəfəri buna məhəl qoymadı və araşdırma üçün onun Baş Yol Polisi İdarəsində mayor Paşazadəyə yaxınlaşmalı olduğunu və ya əks halda cərimələnəcəyini bildirmişdir. İnzibati protokol əsasında, xx.xx.2024-cü il tarixində TP ******* nömrəli inzibati xəta haqqında Qərar tərtib olunmuşdur. Qərara əsasən, 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı olaraq, xx.xx.2024-cü il tarixində protokol tərtib edilmişdir. Halbuki, İXM-in 101.1-ci maddəsinin tələblərinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-in 122.1-ci maddəsinə əsasən 327.4-cü maddədə nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiq edilir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Onun barəsində tərtib edilmiş qərar və protokol isə İXM-in tələblərinə zidd olaraq prosessual normala əməl edilmədən və protokola dair İXM-in 101.1 və 122.3-cü, 112.5-ci maddələrində göstərilən tələblərə əməl edilmədən tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində törədildiyi iddia edilən pozuntu barədə protokol 122.1-ci maddədə göstərərilən qaydada real vaxt rejimində deyil, 20 gün sonra və protokolda hər hansı məlumat, video və ya foto sübut olmadan (asanpay.az saytından ekran görüntüsü qoşma kimi əlavə edilir) tərtib edilmişdir. Belə olduğu halda əslində mənim harada və hansı tarixdə, hansı şəraitdə pozuntu etdiyimi müəyyən etmək mümkün deyildir. Bu qaydada tərtib edilmiş protokolla istənilən şəxsi qayda pozutusunu törətməsi barədə ittiham etmək və ona qarşı protokol tərtib etmək mümkündür. "Asan Ödəniş" Sistemi haqqında Əsasnamənin 1.2.1-ci maddəsinə əsasən, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə baş verdiyi iddia edilən yol hərəkəti pozuntusu barədə protokol real vaxt rejimində tərtib edilmədiyi üçün inzibati xətanın törədilməsinin foto və ya video görüntüləri elektron kabinetə əlavə edilməmişdir. İinzibati xəta hadisəsi barədə protokol xüsusi texniki vasitə tərəfindən aşkar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə barədə məlumat qeyd edilməmişdir. İnzibati xəta haqqında protokolun və eləcə də elektron qərarın real vaxt rejimində tərtib edilməməsi barədə pozuntunu gizlətmək məqsədilə, guya protokolun xüsusi texniki vasitələrdən istifadə edilmədən tərtib edildiyi görüntüsü verilmişdir. Halbuki nə hadisə baş verdiyi tarixdə, nə də ki daha sonrakı tarixlərdə hər hansı polis əməkdaşı tərəfindən nəqliyyat vasitəsi ilə onun inzibati xəta hadisəsi törətdiyi barədə saxlanılmamışdır. Onun barəsində xx.xx.2023-cü il tarixində baş vermiş yol hərəkəti pozuntusuna görə inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq xx.xx.2024-cü il tarixində istifadəsində olan nəqliyyat vasitəsini DİN BDYPİnin müvafiq texniki baxış şöbəsində texniki baxışdan keçirilmişdir. Texniki baxış zamanı onun barəsində tərtib olunmuş heç bir inzibati xəta haqqında protokola və ya cəriməyə rast gəlinməmişdir. Bu bir daha inzibati xəta haqqında protokolun real vaxt rejimində tərtib edilmədiyini sübut edir. Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli “TP 6237306” nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İXP ******* nömrəli, 12 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokolla bağlı 22 yanvar 2024-cü il tarixdə qəbul olunmuş TP ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 22 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 53, 105.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət təmin edilsin. İnzibati xəta haqqında 12 yanvar 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul olunmuş 22 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar