Məhkəmə qərarları › İş №3(011)-2394/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2394/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2394/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1, Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, inzibati xəta haqqında qərara əsasən hesablanmış cərimə ballarının ləğv edilməsi, işə məhkəmədə baxılması başa çatanadək və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək inzibati iş üzrə qərarın icrası, xüsusilə də qərar üzrə tətbiq edilmiş cərimə məbləğinə dəbbə pulunun hesablanmasının dayandırılması, hesablanmış dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, şikayət Bakı şəhər Baş Polis idarəsi X6 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verilir. Bu qərara əsasən, şikayətçi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) inzibati xəta törədilməsi iddia olunur. Həmin qərar qanuni qüvvəyə minmədən icraya yönəldilmiş, ona əsasən inzibati cərimə növündə inzibati tənbeh verilmiş, cərimə balları tətbiq edilmiş, və habelə cərimə məbləğinə dəbbə pulu hesablanmağa başlamışdır. Həmin qərardan yuxarı səlahiyyətli orqana şikayət verilmiş, lakin o, təmin edilməmişdir. Hesab edir ki, sözügedən protokol və qərar əsassızdır, inzibati xəta olmadan, habelə işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan qəbul edilmiş və buna görə də ləğv edilməlidir. xx.xx.2024-cü il tarixində saat 17:15 radələrində, özünə məxsus Porsche Cayenne markalı, dövlət qeydiyyat nişanı **-EL-*** olan avtomobili Xəqani Rüstəmov küçəsi ilə “Marriott Boulevard” mehmanxanası tərəfindən 8 Noyabr prospekti istiqamətində idarə edirdi. X.Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində yerləşən yolayrıcına qısa məsafə qaldıqda qarşımda gedən avtomobillərdən birinin qəflətən getdiyi zolağa çıxdığını görmüşdür. Belə olan vəziyyətdə şikayətçi sol zolağı tutmaqla onu ötmək qərarına gəlmiş və bu manevri etmək üçün sürəti bir qədər artırmalı olmuşdur. Yolayrıcına yaxınlaşdığı vaxt svetoforun yaşıl işığı yanıb sönməyə başladı. Avtomobili dayandırmaq istədikdə anlamış ki, bundan əvvəl ötmə manevri etdiyi səbəbindən stop-xəttin, svetoforun və ya kəsişən yolun (8 Noyabr prospektinin) hərəkət hissəsi qarşısında dayanmaq üçün çox kəskin tormozlama tələb olunacaq. Bunun arxadan gələ bilən nəqliyyat vasitələrinə təhlükə yarada biləcəyindən, yolayrıcını keçmək qərarına gəldim. Yolayrıcını keçəndən sonra həmin küçə ilə hərəkəti davam etdiyim zaman arxadan X6 yol-patrul xidmətinə məxsus avtomobilin (dövlət qeydiyyat nişanı **-YP-***) sürətlə yaxınlaşdığını və nəqliyyat vasitəsini saxlamaq göstərişi verdiyini eşitdi. Nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olaraq avtomobili dərhal təhlükəsiz yerdə saxlamışdır. Yol-patrul xidmətinə məxsus avtomobildən çıxan inspektor şikayətçiyə yolayrıcını svetoforun sarı işığında keçdiyini, bununla da yol hərəkəti qaydalarını pozduğunu bildirdi. Yolayrıcını svetoforun sarı və ya yanıb-sönən yaşıl işığında keçmiş olduğu haqqında mübahisəyə girmədən, həmin inspektora vəziyyəti və hərəkətlərini izah etməyə çalışmış, svetoforun sarı işığı yandıqda belə nəqliyyat vasitəsini kəskin tormozlamadan saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə qanunla icazə verildiyini bildirmişdir. İnspektor qanunda belə bir müddəanın olması barədə məlumatı olmadığını bildirib, yol-patrul xidməti avtomobilində əyləşən digər inspektorla məsləhətləşmək üçün uzaqlaşdı. Yol-patrul xidməti avtomobilindən çıxıb yaxınlaşan inspektora (adının sonradan Süleymanov Süleyman olduğunu bildi) vəziyyəti və hərəkətlərini təkrar izah etməyə çalışdı. Həmin inspektor qanunda belə bir müddəanın ümumiyyətlə olmadığını deyib, həmin müddəanı ona göstərə bildiyi təqdirdə onu sərbəst buraxacağına söz verdi. Telefonunda “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinin İV hissəsini tapıb göstərdi. Hər iki inspektorun təəccübündən onların bu maddənin mövcud olmasından tamamilə xəbərsiz olduqları aşkar görsənirdi. Bundan pərt olan Süleyman adlı inspektor səsini qaldırıb digər inspektordan tez protokolu çap etməyi tələb etdi, izahat verməyə imkan yaratmadan protokolu verib hadisə yerindən uzaqlaşdı. Sözügedən qərarın “Asan Ödəniş” elektron informasiya sistemində olan şəxsi kabinetində yerləşdirildiyi günün səhərisi, yəni xx.xx.2024-cü il tarixində bu protokol və qərardan yuxarı səlahiyyətli orqana (Bakı şəhər BPİ DYPİ-yə) “Asan Ödəniş” sistemi vasitəsilə və bilavasitə BPİ DYPİ-yə şikayət verdi. xx.xx.2025-ci il tarixində şikayətə baxılması üçün BPİ DYPİ-yə dəvət olundu, lakin qanuna əsaslanıb verdiyi izahatlara baxmayaraq şikayəti təmin edilməmişdir. Hesab edir ki, sözügedən protokol və onun əsasında qəbul edilmiş qərar işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadan tərtib edilmiş, inzibati xəta haqqında işə baxan səlahiyyətli şəxs (orqan) maddi hüququ səhv tətbiq etmiş, protokola əsasən qəbul olunmuş inzibati xəta haqqında qərar inzibati xəta olmadan, əsassız qəbul edilmiş və aşağıdakı əsaslarla ləğv edilməlidir: Sözügedən protokolda və qərarda şikayətçi tərəfindən AR İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) inzibati xəta törədilməsi iddia olunur. Hesab edir ki, bu nəticəyə gələrkən inzibati xəta haqqında işə baxan səlahiyyətli şəxs (orqan) maddi hüququ səhv tətbiq etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 59-cu maddəsinin (Svetoforun siqnalları) İİİ hissəsinin 3-cü bəndində qeyd edilir ki, “sarı rəngli işığın yanması... hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir”. Həmin Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən, “Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar”. Qeyd olunan müddəalar svetofor siqnallarının tələbləri ilə bağlı ümumi normaları müəyyən edir. Bununla yanaşı, həmin Qanunun “Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi' adlanan 60-cı maddəsinin İV hissəsinə əsasən: “Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.'' Göründüyü kimi, bu maddə, müvafiq vəziyyətdə svetofor siqnallarının yerinə yetirilməsi ilə bağlı xüsusi normanı müəyyən edir. Məlumdur ki, qanun təfsir edildikdə xüsusi normalar ümumi normalardan üstün tutulur. Beləliklə, qeyd edilən halda “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsi deyil, 60-cı maddəsinin İV hissəsi tətbiq edilməlidir. Nəqliyyat vasitəsini kəskin tormozlamadan saxlaya bilə-bilməcəyi barədə nəticəyə sürücü həmin vaxt mövcud olan bütün halların (o cümlədən sürət, yoldakı vəziyyət, digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi) məcmusuna görə gəlir. Bu zaman həmin vəziyyətin gətirib çıxarılmasına səbəblər əhəmiyyətsizdir. Yuxarıda izah edildiyi kimi, sözügedən zaman mövcud olan halların məcmusuna görə şikayətçi avtomobili kəskin tormozlamadan saxlaya bilməyəcəyi barədə nəticəyə gəlib, yolayrıcını keçmək qərarına gəlmişdir. “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İV hissəsinə əsasən bu vəziyyətdə hərəkəti davam etdirməyə icazə verildiyi halda, hərəkətləri tam qanunauyğun idi. Bu da inzibati xəta hadisəsinin olmadığını və işə baxan orqan (vəzifəli şəxs) tərəfindən qanunun normasının düzgün tətbiq edilməməsini sübut edir. Burada xüsusilə vurğulanmalıdır ki, xx.xx.2025-ci il tarixində şikayətə Bakı şəhər BPİ DYPİ-də baxıldığı zaman, şikayətçi hadisənin videogörüntüsü ilə tanış olmağı xahiş etmişdir. Videoyazıya baxıldığı zaman müəyyən olundu ki, şikayətçinin yolayrıcını svetoforun sarı və ya yanıb-sönən yaşıl işığında keçməyini qəti şəkildə ayırd etmək mümkün deyil. Bu da o deməkdir ki, inzibati xətanın tərkibi barədə əsaslı şübhə mövcuddur. Yuxarıda göstərildiyi kimi, qərardan şikayət müvafiq prosessual müddət çərçivəsində verildiyindən, həmin qərar hələ də qanuni qüvvəyə minməmişdir. Belə olan halda, həmin qərar qanuni qüvvəyə minməyənə qədər ona əsasən tətbiq edilmiş cərimə məbləğinə dəbbə pulu hesablana bilməz, hesablanmış dəbbə pulu isə ləğv edilməlidir. Qeyd edildiyi kimi, qərar üzrə tətbiq edilmiş cərimə məbləğinə dəbbə pulu hesablanmağa başlamış, və hal-hazıra qədər davam etməkdədir. Bu səbəbdən məhkəmə tərəfindən bu məsələyə təxirə salınmadan baxılmalı və müvafiq qərardad qəbul edilməlidir. Məhkəmə iclasında izahat verən şikayətçi şikayəti müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, qadağanedici işıqdan keçməyib, keçmiş olsa belə ona “Yol hərəkəri haqqında” Qanunun 60-cı maddəsi tətbiq edilməli idi. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X7 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. O, hadisənin videogörüntüsünü təqdim edərək şikayətçinin tormozlama imkanı olduğu halda svetoforun sarı işığında keçdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 17:15-də “Porsche Cayenne E-hybrid” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.4-cü maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən hadisənin videogörüntüsü məhkəməyə təqdim edilmiş, həmin videoya baxış nəticəsində müəyyən olunmuşdur ki, şikayətçi avtomobili dayandırmaq imkanı olduğu halda sarı işıqda hərəkəti davam etdirmişdir. Şikayətçi verdiyi izahatda “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinə istinad edərək bildirmişdir ki, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Qanunun istinad olunan norması hazırkı inzibati işə baxılarkən nəzərə alınmalı və iş üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə təqdim edilmiş videogörüntüyə iclasda tərəflərin iştirakı ilə baxış keçirərək müəyyən etmişdir ki, şikayətçi svetaforun qadağanedici-sarı işığına yolayrıcından keçmişdir. Məhkəmə iş üzrə sübutları və tərəflərin istinad etdiyi halları müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, şikayətçinin qeyd etdiyi “Yol hərəkəti haqqında” Qanunun 60cı maddəsində göstərilən hallardan heç biri aşkarlanmamış, bu səbəbdən iş üzrə icraata xitam verilməsinə heç bir əsas yoxdur. Məhkəmə şikayətin inzibati xəta haqqında qərara əsasən hesablanmış cərimə ballarının ləğv edilməsi, işə məhkəmədə baxılması başa çatanadək və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək inzibati iş üzrə qərarın icrası, xüsusilə də qərar üzrə tətbiq edilmiş cərimə məbləğinə dəbbə pulunun hesablanmasının dayandırılması, hesablanmış dəbbə pulunun ləğv edilməsi hissələrinə münasibətdə qeyd edir ki, tələb bu hissədə ilkin tələbdən törəmədir və nə qədər ki, yuxarıda qeyd edilən ilkin tələb təmin edilməmişdir, bu hissələrdə də şikayət əsassızdır. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar