Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2401/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 46000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 27 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 21530.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 07 iyun 2023-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahatında göstərmişdir ki, MMC 21530.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 27 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. 24470 ABŞ dolları vəsait hesabına mal 2 il tamam olmadan xx.xx.2021-ci il tarixdə ölkəyə idxal edilmişdir. 21530.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar isə pandemiya səbəbindən xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmişdir. Gecikmə MMC-nin təqsiri üzündən baş vermədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 27 may 2021-ci il tarixində "xxxx" ASC vasitəsilə 46000.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixli 005 saylı müqavilə üzrə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********7145 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 24470.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İş materiallarına əlavə edilmiş **********6553 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli 005 saylı müqavilə əsasında köçürülmüş 21530.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli 005 saylı müqavilə əsasında 46000.00 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. Həmin məbləğdən 24470 ABŞ dolları vəsait hesabına mal 2 il tamam olmadan xx.xx.2021-ci il tarixdə ölkəyə idxal edilmiş, qalan 21530.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar isə pandemiya səbəbindən, yəni hüquqi şəxsin təqsiri olmadan xx.xx.2023-cü il tarixdə ölkəyə idxal edilmiş və **********6553 saylı gömrük bəyannaməsi ilə bağlanmışdır. Buna görə də "xxxx" ASC tərəfindən 21530.00 ABŞ dolları məbləğində pul vəsaitinin bəyan olunmayan məbləğ kimi qəbul edilməsi əsaslı və qanuni deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC 21530.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 27 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan mallar hüquqi şəxsin təqsiri olmadan 02 il keçdikdən sonra ölkəyə idxal olunmuş, bununla da təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2401/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2401/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver