Məhkəmə qərarları › İş №3(011)-2402/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2402/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2402/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, hüquqi şəxs «İntegra Constructıon KZ X2»nın Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs «İntegra Constructıon KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs «İntegra Constructıon KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 07 iyun 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, «İntegra Constructıon KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı 600000.00 (altı yüz min) ABŞ dolları məbləğində olan pul vəsaitini 26 may 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 600000.00 (altı yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini ölkəyə qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialınin direktoru X1 təqdim edərək bildirmişdir ki, «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) "Şimal-Cənub" Dövlət Proqramı çərçivəsində "Yalama-Sumqayıt dəmir yolu xəttinin (o cümlədən tikililərin) yenidənqurulması üzrə layihələndirmə, təchizat və quraşdırma işləri" layihəsinin vaxtında həyata keçirilməsi məqsədilə 21 may 2021-ci il tarixli 12/21- 21 nömrəli Təchizat Müqaviləsi əsasında yeni R65 tipli dəmir yol relslərini alıb. Keçən ilin dekabr ayında Azərbaycan Respublikası ərazisinə 2298 ton həcmində yeni relslər daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan göründüyü kimi mallar **********9863 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək “Hövsan” gömrük postu ərazisində saxlanca yerləşdirilmişdir. Həmçinin bildirmişdir ki, təmsil etdiyi şirkət əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirak etdiyini nəzərə alınmasını xahiş edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, şərh edilənlərə əsasən və İXM-in 52, 61.1.4 və 114.2-ci maddələrini rəhbər tutaraq «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə (inzibati xəta tərkib olmamasına) əsasən xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 25 may 2021-ci il tarixli köçürmə sifarişindən görünür ki, hüquqi şəxs «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən 600000.00 (altı yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti "xxxx" ASC-də olan hesabından “X7” A.S-yə köçürülmüşdür; **********9863 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, uzununa ölçülən metrinin kütləsi 36 kq və ya daha çox olan, ümumi çəkisi 1423.041 ton yeni dəmiryolu reysləri ölkəyə idxal edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, mallar **********9863 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək “Hövsan” gömrük postu ərazisində saxlanca yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 600000.00 (altı yüz min) ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı 600000.00 (altı yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 26 may 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı 21 may 2021-ci il tarixli 12/21- 21 nömrəli Təchizat Müqaviləsi əsasında yeni R65 tipli dəmir yol relslərini almasını, və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan da göründüyü kimi mallar **********9863 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək “Hövsan” gömrük postu ərazisində saxlanca yerləşdirilməsini nəzərə alaraq inzibati xəta tərkibi olmadığından «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «İntegra Construction KZ X2»nın Azərbaycan Respublikasındakı Filialı MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar