Məhkəmə qərarları › İş №3(011)-2426/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2426/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2426/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi fəaliyyətlə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi 18, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 25.05.2021-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 04.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 17 may 2021-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Şəxs idarə etdiyi “Mercedes E200” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X3 idarə etdiyi “Mercedes E200” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişin X5 xəsarət almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, 17 may 2021-ci il tarixdə saat 13:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes E200” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər dairəsindən Gəncə prospekti ilə yolun soldan 1-ci hərəkət zolağı ilə saatda 60 km surətlə Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən “Mercedes” markalı avtomobil qəflətən saxlamış və o, avtomobilini saxlaya bilməyərək həmin avtomobilin arxasından toqquşmuşdur. Toqquşma zamanı avtomobilində olan sərnişin xəsarət almışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 25 may 2021-ci il tarixli 412 saylı ekspert rəyindən görünür ki, vətəndaş X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qaş qövsü nahiyəsinin əzilmiş-cırılmış yarası, başın alın nahiyəsinin və burunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 17.05.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17.05.2021-ci il tarixli 2/13669 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olduğu müəyyən edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17.05.2021-ci il tarixli 2/13670 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman X1 olduğu müəyyən edilməmişdir. X4 **********597 saylı ərizəsindən görünür ki, Şəxs tərəfindən avtoqəza zamanı ona dəymiş ziyan tam olaraq ödənilmişdir və gələcəkdə ona qarşı heç bir şikayəti və tələbi olmayacaqdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 25.05.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİnin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 04.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və törədilmiş inzibati xətanın zərərli nticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəməsi (İXM 32.1.7), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar