Məhkəmə qərarları › İş №3(011)-2426/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2426/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2426/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 22 fevral 2024-cü il tarixli EQ 19589883 nömrəli elektron qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 22 fevral 2024-cü il tarixli EQ 19589883 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 məxsus olan "Chevrolet Equinox" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Həmin avtomobildən demək olar ki, gündəlik istifadə edir. Lakin, demək olar ki, il ərzində törətdiyi hər hansı bir yol hərəkəti haqqında qanunun tələblərini pozmur. Törətdiyi inzibati xəta nəticəsində isə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, eləcə də onun əsasında çıxarılmış qərarlardan əsassız olaraq mübahisə etmir. Lakin bir neçə ay bundan öncə ona məlum olmuşdur ki, barəsində qanunsuz olaraq inzibati xəta icraatı aparılmış və bunun nəticəsində xx.xx.2024-cü il tarixli, EQ 19589883 nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmin Qərar BŞDYPİ-nin adı ona məlum olmayan polis inspektoru tərəfindən çıxarılmışdır. Halbuki bu işin aparılmasından, eləcə də qərarın çıxarılmasından lazımi qaydada məlumatlandırılmamış, məhz ona görə də bunlardan xəbəri olmamışdır. Ancaq hamıya bəllidir ki, barəsində inzibati xəta icraatının aparılması hallarda şəxsdən izahat alınır, aparılmış inzibati araşdırma zamanı vəsatət vermək və iştirak etmək hüququ təmin olunmalıdır. Bütün bunlara baxmayaraq onun prosessual hüquqları kobud surətdə pozulmuş və barəsində qanunsuz olaraq inzibati xəta icraatı başlanılaraq, tam qanunsuz olaraq qərar çıxarılmışdır. Qərarda göstərilir ki, guya o, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nobel prospekti, 25 ünvanında özünə məxsus olan avtomobili ilə guya dayanma qaydalarını pozmuş, nəticədə isə AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Lakin tam əminliklə qeyd edir ki, həmin tarixdə (saatda) o heç bir inzibati xətaya yol verməmişdir, hətta özü də avtomobilinin yaxınlığında idi və heç bir inzibati xətaya yol verməmişdir. Həmin ərazidə dayanmanı qadağan edən bir yol nişanı yoxdur. Nəzərə alınsa ki, guya törətdiyi inzibati xəta hər hansı bir xüsusi texniki vasitəsinin köməyi ilə də aşkar olunmamışdır. Beləliklə, barəsində başlanılmış inzibati xəta icraatı tam qanunsuz olaraq başlanılaraq, eləcə də qərarın qəbul olunması belə şəffaf şəkildə qəbul olunmamışdır. Bu qərardan məlumatı olan kimi, o dərhal elektron qaydada aidiyyatı, yəni AR DİN BŞDYPİ-yə şikayətlə müraciət etmişdir. Lakin 2 aydan sonra BDYPİ-dən xx.xx.2024-cü il tarixli 7/2-Ə-35897 nömrəli cavab məktubu onun elektron ünvanına gəlmiş və məktubla bildirilmişdir ki, şikayətinə baxılması məhz Xətai Rayon Polis İdarəsinə aidiyyatı üzrə göndərilmişdir. Çox müddət keçməsinə baxmayaraq şikayətinə baxılmasının nəticəsi haqqında hər hansı bir məlumat verilməmiş və yalnız xx.xx.2024-cü il tarixində yenidən onun elektron ünvanına (Elektron ünvan ) xx.xx.2024-cü il tarixli, 3-13-55/-2- Ə/35897 nömrəli cavab məktubu daxil olmuşdur. Həmin məktubda bildirilmişdir ki, mübahisə etdiyi inzibati xəta haqqında qərar qanunidir və onun icrası məcburidir. O isə hesab edir ki, bu qərar qanunsuzdur və o ləğv olunmalıdır. Beləliklə, qərarın qəbul olunmasından baxmayaraq ki, 4 aya yaxın vaxt keçibdir, şikayətinə mahiyyəti üzrə baxılmamışdır. Həmin qərarı o tamamilə qanunsuz hesab edir və ona görə də barəsində qəbul olunmuş EQ 19589883 nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərar tamamilə ləğv olunmalı və barəsində aparılmış inzibati xəta icraata xitam verilməlidir. Odur ki, EQ 19589883 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 və Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 fevral 2024-cü il tarixli EQ 19589883 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, 22 fevral 2024-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 20 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən X2 göndərilmiş 21 may 2024-cü il tarixli məktubdan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən X3 barəsində İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş İXP ******* saylı inzibati protokol əsasında tətbiq edilmiş cərimə məbləği ödənilmişdir. X3 barəsində İXM-nin 346.1-ci maddəsilə EQ 19589883 saylı elektron qərar hüquqi normativ aktlara əsasən tərtib edilmiş və qərarın icra edilməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən qeyd edilmiş halların yenidən araşdırılmasına zərurət yarandığından şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 22 fevral 2024-cü il tarixli EQ 19589883 nömrəli elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 22 fevral 2024-cü il tarixli EQ 19589883 nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar