Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-243/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, şikayətçi X1, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-cı il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icarə əsasında ünvan 1 ünvanında yüksək mərtəbəli binanın altında “QƏSR” PUB adlı kiçik əraziyə sahib iaşə obyekti işlədir. İaşə obyektində insanlar üçün yeməklə yanaşı manqal yeməkləri də vaxtı ilə bişirilib serviz edilirdi. Təxminən noyabr ayının əvvəllərində xəbəri olmadan yuxarı mərtəbədə yaşayan qonşulardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tüstü ilə bağlı şikayət etmişdir. Qeyd etmişdir ki, həmin qonşunun mənzili manqalın tüstü borusuna hər hansı bir təması yoxdur və binanın digər tərəfində yerləşir. Bu qonşunun şikayəti əsasında Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onun iaşə obyektinə gələrək şikayət olduğunu və araşdırma aparılacağını bildirdi. Həmin əməkdaşların tabe olduğu 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dəvəti ilə 10.11.2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər bir qurumun olan Milli Hidrometeologiya Xidmətinin əməkdaşı gələrək özlərinə aid xüsusi ölçmə cihazı ilə ölçmə işləri aparmışlar. Aparılan ölçmə işləri əsasında tüstü və iy qoxunun olmadığı və ətraf mühitin yol verdiyi (CO-5 mq/m3) norma hədd səviyyəsinin hətta altında (CO-4.1 mq/m3) olduğu müəyyən olundu. Bu fakt Milli Hidrometeologiya Xidmətinin əməkdaşı tərəfindən yazılmış 10.11.21-ci il tarixli 0644 №-li Monitorinq AKTında öz əksini tapmışdır. Bundan başqa həmin dövr ərzində şikayətçi Anar Səfərov ondan üzrxahlıq edərək şikayətindən peşman olduğunu, bina komendatının hiləsinə düşərək ona qarşı haqsızlıq etdiyini bildirərək 10.11.21-ci il tarixində şikayətini geri götürdüyünü bildirmişdir. Baxmayaraq ki, şikayətçi şikayətini geri götürüb və digər tərəfdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları apardıqları ölçmə zamanı qayda pozuntusu aşkar edilməyib, məlum olmayan səbəbdən 11 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rəvan Teymurov ona qarşı haqsızlıq edərək, xəbəri olmadan əsassız yerə barəsində yazılmış 16.11.21-ci il tarixli MN ******* protokol və sözügedən protokol əsasında iştirakı və xəbəri olmadan barəsində inzibati xəta haqqında 10.12.21-ci il tarixli MN ******* inzibati qərar qəbul olunmuşdur. Protokol tam əsassız yazılıb. Protokolun yazılması üçün hər hansı bir əsas yoxdur. Protokol belə vaxtında yazılmayıb. Əməkdaş ölçmə işləri apardığı gündən 6 gün sonra əsassız yerə gecikmə ilə barəsində protokol yazılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 şikayətin əsassız olduğunu qeyd edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti X2 baş mütəxəssisləri İsmayılov Telman, Tomiyev Cabbar, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı müfəttişi Emin Hüseynov tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli monitorinq aktından görünür ki, Anar Səfərovun “Qəsr Pub” restoranının mətbəxində quraşdırılmış manqallardan gələn tüstü iyqoxu ilə bağlı müraciətinə əsasən monitorinq aparıldı (saat 21:00). Monitorinq zamanı “Qəsr Pub” adı altında fəaliyyət göstərən ictimai-iaşə obyektin mətbəxinə baxış keçirərkən işlək vəziyyətdə olmayan 1,5 m uzunluğunda tam hazır olmayan manqal müşahidə olundu. Manqal işlək vəziyyətdə olmamasına baxmayaraq Ankak-7664 vasitəsilə ölçmə analiz işləri aparıldı. Nəticə: CO – 4.1 mq/m3 (norma 5 mq/m3) təşkil etdi. Bu nəticə ətraf mühit üçün yol verilən həddir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Anar Səfərovun şikayətinə əsasən “Qəsr Pub” restoranında baxış keçirilərkən manqaldan istifadə olunduğu, lakin manqal borusuna qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. restoranın sahibi X4 izahat verərək “bir həftədir manqal borusunu qonşunun kəsib atdığını, tüstünün bu səbəbdən ətrafa yayıldığını” bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, istifadə olunan manqala zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi üçün avadanlıq quraşdırılmadığı, bu səbəbdən tüstünün ətrafa yayıldığı müəyyən edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi-müfəttişi X5 tərəfindən tərtib edilmiş 16 noyabr 2021-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Qəssr Pub” restoranında manqal borusuna zərərli maddələrin qarşısının alınması üçün qurğu quraşdırılmaması faktı aşkar olunmuşdur. İş materiallarında olan 10 dekabr 2021-cı il tarixli MN ******* nömrəli qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə o, 2000 manat məbləğində cərimə edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında protokol və inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 06 noyabr 2021-ci il tarixdə izahatı alınmış, 10 noyabr 2021-ci il tarixdə isə “Qəsr Pub” restoranında monitorinq zamanı müşahidə edilmişdir ki, Ankak-7664 vasitəsilə ölçmə analiz işləri aparılmış, nəticə: CO – 4.1 mq/m3 (norma 5 mq/m3) təşkil etmiş, bu nəticə ətraf mühit üçün yol verilən həddir. Buna baxmayaraq bundan əsassız olaraq 06 gün sonra, yəni 16 noyabr 2021-ci il tarixdə X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin 10 noyabr 2021-ci il tarixdə monitorinq aparılmasına və ətraf mühitə buraxılan zərərli maddələrin ətraf mühit üçün yol verilən həddə olmasına baxmayaraq, 16 noyabr 2021-ci il tarixdə əsassız olaraq yenidən araşdırma aparılmış və istifadə olunan manqala zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi üçün avadanlıq quraşdırılmadığı barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsinin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı X1 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən pozuntuya yol verilmişdir. Belə ki, inzibatı xəta hadisəsi, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 dekabr 2021-cı il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 şikayəti təmin edilsin Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 10 dekabr 2021-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-243/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-243/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver