Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-244/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5, X1 iştirakları ilə, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 05.11.2021-ci il tarixdə (050)-347-92- 51 nömrəli mobil telefonuna daxil olmuş SMS məlumatlarından ona məlum olmuşdur ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən (Protokol BNA 1841370) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-cİ maddəsinə əsasən (AR İXM 346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir) 20,0 manat məbləğində cərimə olunmuşdur. Bakı Nəqliyyat Agentliyinə ərizə ilə müraciət edərək həmin protokolun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Müraciətinə 17.12.2021-ci il tarixli 07-/5078/Ş-13464/2 saylı məktubla cavab verilmişdir ki, təkrar araşdırılarkən müvafiq foto görüntülərə baxılaraq inzibati xəta hadisəsinin mövcud olduğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən hər hansı əsasın mövcud olmadığı müəyyən edilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* saylı 05.11.2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, Xətai rayonu ərazisində Ayaz İsmayılov küçəsinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən sonra yolun sağ tərəfində (Meqafun əyləncə mərkəzinin yanı) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində qeyd olunan parklanma nişanı quraşdırılmış yerdə avtomobilini saxlamışdır. Hətta həmin ərazidə park nizamlayıcısı da fəaliyyət göstərir. Qeyd olunan yerdə yolun başlanğıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş “dayanma-durma”nı qadağan edən yol nişanları (3.27, 3.28 nişanı) quraşdırılmamışdır (yolun həmin hissəsi ilə bağlı çəkmiş olduğu fotoşəkillər ərizəyə əlavə edilir). Göründüyü kimi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş BNA ******* savlı 05.11.2021-ci il tarixli qərar qanunsuz və əsassızdır. Beləliklə o, qeyd olunanları rəhbər tutaraq, 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olması nəzərə alınaraq ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin o, qeyd etmişdir ki, həmin yerdə avtomobillərə nəzarət edən şəxsə hər gün bu qaydada parklanma üçün 1 manat pul verir və neçə ildir ki o heç bir dövlət orqanı tərəfindən bu qaydada parklanmaya görə cərimə edilmir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X4 idarə etdiyi “Daewoo Nexia minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 05 noyabr 2021-ci il tarixdə saat 16:40:21-dən 16:43:15-ə qədər bakı şəhəri, ünvan 1 ünvanında yolun hərəkət hissəsinin kənarına münasibətdə perpendikulyar saxlamışdır və bununlada nəqliyyat vasitəsinin dayanma və durma qaydasını pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə, yəni hərəkət hissəsinin kənarına münasibətdə paralel olaraq, dayanmasına və durmasına icazə verilir. Həmin Qanunun 53-cü maddəsinin dördüncü hissəsinə əsasən parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayəti əsassız və qanunsuz olduğundan təmin edilməməli və həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarından görünür ki, X3 Ayaz İsmayılov küçəsi (Afiyəddin Cəlilov küçəsi – Nobel prospekti) 05.11.2021-ci il tarixində saat 16:43:16-da dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; fotoşəkillərdən görünür ki, “Daewoo Nexia minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarına münasibətdə perpendikulyar saxlamışdır və bununlada nəqliyyat vasitəsinin dayanma və durma qaydasını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Məhkəmə baxışı zamanı təqdim edilmiş fotoşəkillərlə və inzibati tənbeh vermə haqqında elektron qərarla təsdiq olunmuşdur ki, X2 İsmayılov küçəsində (Afiyəddin Cəlilov küçəsi – Nobel prospekti) “Daewoo Nexia minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma və ya durma qaydalarını pozmuşdur və inzibati xətanın törədilməsi “Genetee” markalı, Genetee Autovu SharpX LPR Camera model olan planşet (bort kompyuter) vasitəsilə qeydə alınmışdır. Şikayətə münasibətdə məhkəmə qeyd etməlidir ki, protokol və qərar şəxsin dayanma durma icazə verilməyən yerdə parklanmasına görə deyil, avtomobilin X4 tərəfindən duzgün qaydada, yəni paralel şəkildə park edilməməsinə görə tərtib edilmişdir Qeyd edilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin Qanunun 53-cü maddəsinin İV-cü hissəsinə əsasən, parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerində nəqliyyat vasitələri yolun hərəkət hissəsinə paralel şəkildə parklanır. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerində nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarına bucaq altında parklanması nişanlama xətləri ilə müəyyən edilə bilər. İş materallarına əlavə olunmuş inzibati xəta hadisəsini təsdiq edən fotoşəkillərdən göründüyü kimi həmin avtomobil yolun hərəkət hissəsinə münasibətdə perpendikulyar dayandığından, “Daewoo Nexia minik” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 tərəfindən dayanma durma qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 05 noyabr 2021-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-244/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-244/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver