Məhkəmə qərarları › İş №3(011)-246/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-246/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-246/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon DYPŞ Yol Patrul Xidməti inspektoru onu saxlayaraq avtomaşınında konstruksiya dəyişikliyinin olması barədə bildirmişdir. Ona avtomaşında hər hansı bir konstruksiya dəyişikliyi harda olmasının izahını tələb etdikdə inspektor bildirdi ki, işıqlar qanunla qadağan edilib. İnspektora bildirəndə ki, avtomaşının işıqları zavod istehsalıdır, sadəcə olaraq lampalar sarı deyil, ağ rəngdədir, sonuncu buna əhəmiyyət verməyərək onun avtonəqliyatını duracağa aparılacağını bildirdi. Bir neçə dəfə avtomobilində heç bir konstruksiya dəyişikliyinin olmadığını izah etməyə çalışmış və əlavə olaraq həyat yoldaşını işə çatdırmalı, özü isə işə gecikdiyini vurğulayaraq yoluna davam etməyinə icazə verməsini bir neçə dəfə xahiş etdi, lakin avtoinspektor maşınına əyləşərək kobudcasına rəftarla nəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağını vurğuladı. Avtomobilin cərimə meydançasına aparılaraq Bakı şəhəri Baş X5inə yaxınlaşmağı avto inspektor tərəfindən qeyd olundu. Bakı şəhəri Baş X5inə yollandı və 5-ci kabinetdə cəriməni yazmalarını və avtomobili cərimə meydançasından çıxarmağı üçün sənəd vermələrini xahiş etdi. Bu ərəfədə onu saxlayan avto inspektorun istəyi ilə artıq maşınında ağ lampaları sarı lampalar ilə əvəz etmişdir. Bütün tələblər yerinə yetirildiyinə baxmayaraq ona hələ də nə protokol tərtib olunmuşdur, nə də ki avtomobilinin cərimə meydançasına aparılması haqqında akt. Halbuki protokol və akt elə yerindəcə tərtib olunmalı idi. Bakı şəhəri Baş X5i idarəsində protokolun və aktın polis inspektoru tərəfindən tərtib olunmadığı üçün avtomobili cərimə meydançasından çıxara bilməyəcəyini bildirdilər. Onu saxlayan polis inspektoru və Bakı şəhəri Baş X5i idarəsindəki ona avtomobilini çıxarılması üçün sənəd verəcək 5 nömrəli otaqdakı Rauf adlı əməkdaşa bir neçə dəfə müraciət etdi, lakin məsələ öz həllini tapmadı. Az olmayan get-gələ düşəndən sonra yalnız axşam saat 18:00-dan sonra ona protokol yazıldı və avtomobilini cərimə meydançasından çıxara bilməsi üçün qəbz verildi. Avtonəqliyyat vasitəsinin istismarı üzrə ön fara və ya duman dəyişikliyi yox idi. Duman əleyhinə faralar isə tam standartlara cavab verən lampalarla təchiz olunmuşdu, fərq bircə işıq rənginin ağ olmasıdır. Əlavə olaraq nəqliyyat vasitəsinin heç bir əsas olmadan 11 saatdan çox saxlanılaraq cərimə meydançasına aparılması, zaman itirməyinə və iş yerində tənbeh olunmağı ilə nəticələndi. Digər bir məqamı isə avto inspektorun və Bakı şəhəri Baş X5i idarəsində 5 nömrəli otaqda olan Rauf adlı şəxsin vəzifəsindən suiistifadə edərək qarşısındakı şəxsə kobudluq etməsi və “X2 Qanun”un müddəalarının düzgün bilməmələridir. Yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Yuxarıda sadalananlara əsasən qərar qanunsuz olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhəri X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “Kia Sportage” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 150 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavə - Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısıdır. Həmin Siyahının İİİ bəndində xarici işıq cihazları müəyyən edilmişdir: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. “Yol hərəkəti haqqında” Qanunun 83-cü maddəsinin İİİ bəndinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın mahiyyəti göstərilməmiş, avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənmişdir, heç bir sübuta istinad edilmədən qərar qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X1 normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirməsinin hansı sübutla müəyyən edildiyi göstərilməmiş, polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib etmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X5 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar