Məhkəmə qərarları › İş №3(011)-2470/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2470/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2470/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş 12 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X1 övladları ilə ünsiyyətdə olması müəyyən edilməlidir. Lakin Şəxs üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun mobil nömrəsinə 07 iyun 2024-cü il tarixdə SMS bildiriş göndərilmiş, daha sonra Şəxs izahatı alınmışdır. Lakin Şəxs icra sənədi üzrə tələbin icrasından boyun qaçırmışdır. Bununla da Şəxs barəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə o, borclu Şəxs icra sənədini icra etmədiyini və onun qanuni tələblərini yerinə yetirmədiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir, tələbin icrası barədə bildiriş rəsmi qaydada Şəxs ünvanına çatdırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən övladları 12 aprel 2013-cü il təvəllüdlü X4 və 25 mart 2023-cü il təvəllüdlü X3 anaları X5 ilə həftənin müəyyən vaxtlarında ünsiyyətdə olmalarının təmin edilməsi qərara alınmışdır. Lakin icra sənədinin icrası ümumiyyətlə ondan tələb olunmamış və ona bildiriş göndərilməmişdir. Sadəcə olaraq ona 07 iyun 2024-cü il tarixdə SMS bildiriş gəlmişdir, o da icra şöbəsinə yaxınlaşaraq izahat vermişdir. Bundan əlavə, o, digər azyaşlı övladı Əsgərov Sübhanın könüllü olaraq anası ilə görüşməsi və onun yanında qalması üçün şərait yaratmışdır. X15 isə anası ilə ünsiyyətdə olmaq istəmədiyi üçün onunla görüşməmişdir. Onun Fərqanənin uşaqla görüşməsi ilə bağlı heç bir narazılığı yoxdur, sadəcə olaraq uşaq özü anasını görmək istəmir. Odur ki, göstərilənlərə əsasən o, barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə o bildirmişdir ki, icra məmurları və ya Əsgərova Fərqanə nə vaxt istəsələr uşağı gətirəcək. Məhkəmə iclasında zərərçəkmiş X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00-dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olması müəyyən edilmişdir. Lakin Şəxs icra sənədinin icrasını təmin etməmiş və onun övladı Əsgərov Murad ilə ünsiyyət qurmasına maneə yaratmışdır. Odur ki o, göstərilənlərə əsasən icra sənədi üzrə olan tələbin icra edilərək övladları ilə ünsiyyətinin təmin edilməsini və Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq o bildirmişdir ki, digər uşaq Əsgərov Sübhan ilə ünsiyyət qurmaqda narazıçılıq yoxdur, Şəxs qətnaməni o hissədə icra etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 övladları xx.xx.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00-dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir; icraata başlama haqqında 14 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X1 övladları xx.xx.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00-dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X7 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilsə də, cavabdeh Şəxs ümumiyyətlə icra sənədinin icrası tələb edilməmiş, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbin icrası barədə bildiriş ona rəsmi qaydada göndərilmiş, ona yalnız xx.xx.2024-cü il tarixdə SMS bildiriş göndərilmiş və o, heç bir qayda pozuntusuna yol vermədən İcra Şöbəsinə gedərək izahat vermişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maaddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Bundan əlavə, Şəxs məhkəməyə təqdim etdiyi 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X9 atasının yanında qalmaq istədiyini bildirir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar